Binəqədi rayonunda “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı layihə ilə əlaqədar tədbir keçirildi
Noyabr ayının 27-də Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) tərəfindən həyata keçirilən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı layihə ilə əlaqədar tədbir keçirildi.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilati dəstəyi ilə reallaşdırılan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, millət vəkili Musa Qasımov, Azərbaycan Gənclər Fondunun əməkdaşı Mübariz Qədirov, “Türkiyə Məzunları İctimai Birliyi”nin sədri Çingiz Bayramov, YAP Binəqədi Rayon Təşkilatının fəalları və rayon gəncləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov tədbirin Binəqədi rayonunda keçirilməsini əlamətdar hal kimi qiymətləndirərək qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hər zaman xüsusi ilə diqqət və qayğı göstərdiyi məsələlərdən biri də uşaqlarımız və gənclərimizin Azərbaycançılıq ruhunda tərbiyə olunması idi. Ulu Öndər Heydər Əliyevin apardığı siyasətin mühüm istiqaməti əsrlər boyu xalqımızın malik olduğu milli- mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olmuşdur. V.İsmayılov bildirdi ki, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı layihənin keçirilməsi bü gün cəmiyyətimiz və xüsusilə də gənclərimiz üçün böyük önəm daşıyır.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov çıxış edərək tədbirin Binəqədi rayonunda keçirilməsinə verdiyi dəstəyə görə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərova təşəkkür etdi. O layihə haqqında danışaraq qeyd etdi ki, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” layihəsinin məqsədi cəmiyyətdə əsası Ümumilli Lider tərəfindən qoyulan və inkişaf etdirilən azərbaycançılıq ideologiyasının daha da inkişaf etdirilməsi, bu ideologiyanın gənclər arasında təbliğ etməkdən ibarətdir.
Sonra çıxış edən Respubilka Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov belə layihələrin keçirilməsinin əhəmiyyətli olduğunu, uzaq olmayan tariximizə ekskursiya edərək Azərbaycanın inkişaf tarixindən, Ulu Öndərin ölkəmizin tərəqqisi üçün gördüyü işlərdən və bu işlərin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Musa Qasımov mövzunun çox önəmli olduğunu qeyd etdi və bildirdi ki, Ümmumilli Lider Heydər Əliyev tərəfindən həmişə qeyd olunan “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” ifadəsini dərindən dərk etmək vacibdir. O belə tədbirlərin gənclərin milli-mənəvi tərbiyəsi üçün böyük əhəmiyyətə malik olduğunu bildirdi.
Digər çıxış edənlər də layihənin əhəmiyyətindən danışaraq təşkilatçılara təşəkkür etdilər, bu mövzuda tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğuladılar.
Tədbirin yekununda bir qrup gəncə diplomlar təqdim olundu və xatirə şəkli çəkdirildi.