Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidentinin qətiyyətli və uzaqgörən siyasəti dünyaya nümunədir

08 iyun 2020 | 11:00
Ölkə Prezidenti cənab İlham Əliyevin bütün sahələri əhatə edən, davamlı və sürətli inkişafı şərtləndirən, dövlətimizin daha da möhkəmləndirilməsi, xalqımızın rifahının təmin edilməsi istiqamətində həyata keçirdiyi islahatlar öz müsbət və səmərəli nəticələrini verməkdədir. Daxili inkişafımızla yanaşı, xarici siyasi strategiyamızdakı məqsədyönlü və uzaqgörən addımlar, diplomatik gedişlər beynəlxalq nüfuzumuzun daha da yüksəldilməsinə xidmət etməklə yanaşı, digər dövlətlərlə sıx dostluq, qardaşlıq əlaqələrimizi daha da sarsılmaz edir. Xüsusi vurğulamaq lazımdır ki, beynəlxalq əlaqələrimizin daha da yüksəldilməsi ölkəmizin haqlı mövqeyinin dəstəklənməsinə əsaslı zəminlər yaradır. Xarici siyasi xəttimizin əsas qayəsini təşkil edən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli daim dövlət siyasətimizin prioritetini təşkil edir. Prezident cənab İlham Əliyevin istər ölkə daxili, istərsə də bütün xarici dövlətlərə səfərləri çərçivəsində, beynəlxalq təşkilatlar qarşısında qaldırdığı məsələ məhz Dağlıq Qarabağın ölkəmizin ərazi bütövlüyünün tərkib hissəsi olması, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi və münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmasının vacibliyidir. Dövlət başçısı dəfələrlə çıxışlarında Ermənistanın işğalçı siyasətini, həyata keçirdiyi vandalizm aktlarını tarixi faktlarla sübut edərək onları yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Ermənistanın bütün dünyaya təhdid olan, vəhşiliyi, terrorizmi ehtiva edən siyasətini, gələcək planlarını kəskin ifşa edib. Ermənistan isə əsassız torpaq iddiaları və öz məkrli planlarını qurmaqla, Dağlıq Qarabağı qanunsuz olaraq işğalda saxlamaqla nə qədər qeyri-konstruktiv olduğunu bir daha dünyaya göstərir. Beynəlxalq hüququn norma və prinsiplərini pozduğunu, münaqişənin həlli istiqamətində aparılan danışıqlara xələl gətirdiyini aşkar nümayiş etdirir.

Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri deyilənlərə əyani sübutdur. Münaqişənin tənzimlənməsi üçün aparılan diplomatik danışıqlara məhəl qoymadan, öz çirkin niyyətlərini bir daha ortaya ataraq sülhə əsaslı təhdidlər yaradır. İşğal etdiyi ərazilərdə qondarma dövlət qurmağa cəhdlər edərək siyasi şou göstərir, bununla da münaqişənin həllinə bilərəkdən mane olmağa, vaxt udmağa, işğalçılıq siyasətini bir müddət də uzatmağa çalışır.

Dağlıq Qarabağ Azərbaycanın əzəli, əbədi və tarixi torpağıdır. Ermənistan tərəfindən işğal edilib və bir milyondan artıq azərbaycanlı öz ata-baba yurdundan vəhşicəsinə didərgin salınaraq məcburi köçkün vəziyyətinə salınıb. Hətta müxtəlif beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər bu işğalçılıq siyasətini qətiyyətlə pisləyib, BMT torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad edilməsi ilə bağlı 4 qətnamə qəbul edib. Təəssüflə vurğulamaq lazımdır ki, Ermənistan tərəfi bu qətnamələrə də məhəl qoymayaraq beynəlxalq hüquqa daban-dabana zidd gedərək regionda sülhün bərqərar olunmasına ciddi təhlükələr yaradır.
Dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Biz sülh tərəfdarı bir ölkəyik və xalqıq. Ancaq bizim də səbrimiz tükənməz deyil. Əgər Ermənistan tərəfi öz işğlaçılıq siyasətinə son qoymazsa, torpaqlarımızı azad etməzsə, hərb yolu istisna edilmir. Dövlət başçısı iyun ayının 3-də Tərtər rayonuna səfəri zamanı Tərtər Olimpiya İdman Kompleksinin açılış mərasimində rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı da Qondarma Dağlıq Qarabağ xunta rejimində COVID-19 koronavirus pandemiyasının geniş yayıldığı bir zamanda - 31 martda keçirilən prezident və parlament, 14 apreldə keçirilən prezident (2-ci tur) seçkiləri ilə bağlı proqram xarakterli çıxış edərək olduqca vacib məqamlara toxundu. Dünyanın heç bir dövlətinin, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələr Amerika, Fransa, Rusiya, Avropa İttifaqının saxta seçkiləri tanımadığını, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatının seçkiləri qınadığını bildirdi.
Bəzən dövlətlərin daxili işlərinə qarışaraq, öz kəsin mövqeyini bildirən, insan hüquq və azadlıqlarından ağızdolusu danışan Avropa Şurası nə üçün 1 milyon azərbaycanlının doğulub, boya-başa çatdığı, didərgin salındığı torpaqlarda keçirilən saxta seçkilər haqqında bir kəlmə belə səsləndirmədi?! Haqqı, hüququ pozulmuş milyonların səsi olmadı?! Bu seçkilərin münaqişənin sülh yolu ilə həllinə maneələr yaratdığını bildirərək Ermənistanı qınamadı, bununla bağlı hər hansı bir fikir və ya bəyanat vermədi?! Avropa Şurası Parlament Assambleyasının ikili standartlardan xəbər verən bu mövqeyi onun nüfuzuna kölgə salmaqla yanaşı, dövlətlərlə olan münasibətlərində də qeyri-səmimi olduğunu göstərmiş oldu. Özünü demokratiya carçısı kimi təqdim edən, hüquq və azadlıqların əsas müdafiəçisi rolunda çıxış edən bir təşkilat bəs nə üçün bir dövlətin ərazisinin digər bir dövlət tərəfindən işğal edilməsi hesabına orada qondarma dövlətin yaradılmasına və saxta seçkilər yolu ilə orada hakimiyyət qurulmasına göz yumdu?! Budurmu Avropa Şurasının nəzərdə tutduğu ədalət və hüquq anlayışı?!

Avropa Şurasının bu mövqeyi təkcə saxta seçkilərə görməzdən gəlməsi ilə bitmir. Azərbaycana və azərbaycanlılara qarşı ədalətsiz münasibət ermənilər Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım törətdikdən sonra, qondarma Dağlıq Qarabağ xunta rejimində əsirlikdə olan iki mülki Azərbaycan vətəndaşı - Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də həbsdə saxlanılaraq hüquqları pozularkən, işgəncələrə məruz qalarkən də sərgiləndi. Ermənistan Avropa Şurasına üzv olarkən qurum qarşısında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öhdəliklər götürüb. Həmin öhdəliklərin monitorinqini həyata keçirən Avropa Şurası bu məsələyə səssiz qalaraq öz öhdəliyini unudur. Lakin ermənilərin saxta seçki rəzilliyi və ölkəmizə qarşı riyakarlıq bütün dünyanın gözləri qarşısında baş verir.
Bu gün demokratiyanın beşiyi sayılan ölkələrdə vəhşi film səhnələrini xatırladan polis qəddarlığının, zorakılığının şahidi oluruq. “Nəfəs ala bilmirəm” deyərək fərhad edən dinc qaradəriliyə qarşı irqi ayrıseçkilik edilərək vəhşicəsinə qətlə yetirilir. Bu amansız qətlə etiraz edən minlərlə aksiya iştirakçısı polisin növbəti amansız təzyiqlərinə məruz qalır. İğtişaşlar zamanı 11 mindən çox insan həbs olunur, 16-dan çox insan həyatını itirir. Bəli, bütün bunlar dünyaya demokratiya ixrac etməyə çalışan bir ölkədə baş verir. Avropa Şurası yenə susur...

Lakin Azərbaycan öz haqlı mövqeyində qətiyyətlidir. Öz tarixi torpaqlarının bir qarışını belə güzəştə getməyəcək. Bu gün Azərbaycanın sürətlə inkişaf edir, dünyada böyük nüfuz sahibidir. Regionun lider dövlətidir. Bu gün Azərbaycan enerji təhlükəsizliyində böyük rol oynayan və dövlətimizin gələcək inkişafının qarantı olan iri iqtisadi layihələrin təşəbbüskarı və icraçısı qismində uğurla və məqsədyönlü addımlar atır. İqtisadi uğurlarımız ictimai-siyasi sabitliyimizi, eyni zamanda digər sahələrdə mühüm dövlət islahatlarının həyata keçirilməsinə şərait yaradır. Bu gün dünyanı bürüyən Covid-19 pandemiyasına qarşı mübarizə tədbirləri də ölkəmizin gücündən xəbər verir. Pandemiya dövründə qəbul edilən qərarlar və onların hazırkı nəticələri pandemiyadan az itkilərlə çıxacağımızı göstərir. Məhz bu çətin vəziyyətdə, dünyanın inkişaf etmiş ölkələrinin belə koronavirusla mübarizədə məğlub olduqları dövrdə Azərbaycanın 30-dan çox beynəlxalq təşkilata və dövlətə maliyyə və humanitar yardımları etməsi ölkəmizin humanist, tolerant mövqeyindən qaynaqlanır.
 
Kubra Əliyarlı
YAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi,
Binəqədi Bələdiyyəsinin komissiya sədri
 
Keçidlər