Şriftin ölçüsü :

Saytın rəngi :

Populist çıxışları ilə tanınan N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə edir

19 iyun 2020 | 11:00
Jalə Tofiqqızı,
M.Ə.Rəsulzadə Bələdiyyəsinin Yerli Sosial Məsələlər Daimi Komissiyasının sədri
 
Prezident İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Nikol Paşinyanı yerində oturtduqdan dərhal sonra bu gün Göygöl rayonunun Gəncə–Kəlbəcər–Laçın (14 km)–Aşıqlı–Keşkü–Üçbulaq–Üçtəpə–Firuzabad avtomobil yolunun tikintisinə vəsait ayrılması haqqında Sərəncam imzaladı. Söhbət hansısa yol tikintisindən getmir. Bu yol məhz Gəncədən Kəlbəcər-Laçına uzanır. Dövlət başçısı İlham Əliyev dünənki sammitdə erməni baş nazirinə dediklərindən sonra bir daha göstərdi ki, Azərbaycan suverenlik, ərazi bütövlüyü prinsiplərindən bir addım belə geri duran deyil. 

Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində vurğuladı ki, Azərbaycan və Avropa İttifaqı arasında paraflanan “Tərəfdaşlıq Prioritetləri” sənədində hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqdir. Həmçinin  Ermənistanla Azərbaycan arasında olan münaqişə də eyni prinsiplər əsasında həll edilməlidir. Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının qatıldığı Sammitdə Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə ölkəmizin qəti və ədalətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı və növbəti dəfə vurğuladı ki, “Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır”.

Videokonfrans zamanı Nikol Paşinyanın sərsəm replikası təbii ki, cavabsız qalmadı. Azərbaycan Prezidentinin səsləndirdiyi təkzibedilməz faktlar və dəlillər Ermənistanın baş nazirini növbəti dəfə beynəlxalq ictimaiyyət qarşısında aciz vəziyyətə saldı. Prezident İlham Əliyevin şillə kimi cavabı sərt, qəti və arqumentlərlə erməni baş naziri yerində oturtdu: “Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim.”

Beynəlxalq toplantılarda pafoslu çıxışlar etməklə əslində, öz ölkəsində itirmiş olduğu nüfuzunu gücləndirməyə çalışan Nikol Paşinyanın düşdüyü bu acız durum Ermənistan müxalifətinin də diqqətindən yayınmadı. Sosial şəbəkələrdə Ermənistan baş nazirinin sammitdəki çıxışına rəy bildirən erməni müxalifəti  onu sərt tənqid atəşinə tutdu. “Məxməri inqilabçının ucuz şouları davam edir” deyən kəsim Paşinyanın respublikanı idarə edə bilmədiyini, ölkəni bərbad vəziyyətə saldığını və iqtisadi böhranda boğulduqlarını, məhkəmələrdə ədalət prinsipinin korrupsiya bataqlığında basdırıldığını bildirirlər. Hakimiyyətə küçədən gəlmiş, küçə təfəkkürlü, yalnız dağıtmağı və məhv etməyi bacaran, hər şeyi sıfıra bərabərləşdirən, konfliktsiz mövcud ola bilməyən inqilabçı baş nazir Paşinyan isə   özünün və hakimiyyətinin  tənqid olunmasını həzm edə bilmir. Daha bir inqilab ərəfəsində olan Ermənistan Paşinyan əleyhdarlarının etirazları ilə qaynayır. Hazırda Ermənistanın siyasi gündəmində səriştəsiz Nikol Paşinyan hökumətinin istefası tələbinin əsas yer tutduğunu bütün dünya bilir.
Keçidlər