Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezidentin fəaliyyətində ordu quruculuğu birinci yerdədir

28 iyun 2020 | 11:00
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Hərbi hissə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev hərbçilərlə görüşüb. Dövlət başçısı görüşdə nitq söyləyərək maraqlı məqamlara toxunub.
 
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov Ali Baş Komandanın etdiyi dərin məzmunlu və hər kəs üçün fəaliyyət proqramı sayılacaq çıxışı ilə bağlı öz fikirlərini bölüşüb.
 
Mərdan Ələsgərov bildirdi ki, cənab İlham Əliyev, ordumuzun regionun ən güclü olması barədə deyilənlər müharibə veteranları tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb: «Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bizim zirehli texnikamız ən yüksək standartlara cavab verir. Bizim hava hücumuna qarşı müdafiə sistemimiz müasirləşib və bu hərbi hissənin vəzifəsi məhz bundan ibarətdir. Biz bir neçə ölkədən hava hücumuna qarşı ən müasir qurğular əldə etmişik. Onların Azərbaycanda – bizim coğrafiyada bir-birinə inteqrasiya edilməsi də asan məsələ deyil. Çünki bizim hava hücumuna qarşı müdafiə sistemlərimiz, – bu, sirr deyil, bu məlumat artıq açıqlanıb, – həm Rusiya istehsalıdır, Belarus istehsalıdır, İsrail istehsalıdır, eyni zamanda, sovet vaxtından qalan qurğulardır və onlar da modernləşdirilib. Onları bir-birinə elə inteqrasiya etmək, elə yerləşdirmək lazımdır ki, bizim bütün strateji obyektlərimiz havadan qorunsun. Əlbəttə ki, böyük peşəkarlıq və vəsait tələb edir».
 
Müsahib qeyd edib ki, veteranlar, orduyla daim təmasda olduğu üçün bunun canlı şahidləridirlər. “Bu yolda daim Ali Baş Komandanın əmrinə müntəzir olan əsgərlərik. İnanırıq ki, Azərbaycan ordusu cənab İ. Əliyevin rəhbərliyi ilə tezliklə torpaqlarımızın azad edilməsinə nail olacaq”.
 
AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov bildirdi ki, prezident tariximizlə bağlı çox ciddi məqamlara toxundu. Prezidentin bu tarixi çıxışı yaşadığımız ölkənin tarixiylə bağlı hər birimizin məlumatlara sahib olmağımızı irəli sürməsi xalqın ürəyincə olmasını görürük. Xüsusən hərbçilərimizə edilmiş bu tövsiyyəni alqışlayırıq: «Ona görə mən sizə tapşırıram, bütün hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir. Ölkəmizin tarixi – həm qədim tarixi, həm də müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır. Çünki mən bunu dəfələrlə demişəm, əfsuslar olsun ki, biz real tariximizi bilməmişik. Günah da bizdə deyil, çünki belə oxumuşuq, bizə belə dərs veriblər. Sovet vaxtında tarix dərslərinin çoxu saxta idi. Azərbaycan xalqının düşmənləri qəhrəman kimi qələmə verilirdi. Quldur 26 Bakı komissarı dəstəsi qəhrəman kimi təqdim edilirdi. O dəstənin başında dayanan cinayətkar erməni millətçiləri qəhrəman kimi təqdim olunurdu. Onların adına rayonlar verilirdi, onlara abidələr qoyulurdu. Azərbaycan xalqının cəlladı Şaumyana abidə qoyulmuşdu, onun adı əbədiləşdirilmişdi. Biz bu tarixi görmüşük. Yenə də günah bizdə deyil. Sovet hakimiyyətinin tarixi bu idi. Müstəqilliyi quranlar düşmən kimi qələmə verilirdi. Azərbaycan Xalq Cümhuriyyəti antimilli qurum kimi qələmə verilirdi. Ancaq bizim müstəqilliyimizi əlimizdən alanlar, yerli satqınlar qəhrəman kimi qələmə verilirdi. Küçələrə onların adları verilir, onlara abidələr, monumentlər qoyulurdu. Bəlkə də yaddan çıxıb, Sahil bağında 26 Bakı komissarlarına abidə qoyulmuşdu. Mən fikirləşdim ki, bu, nə məsələdir. Bunlar Azərbaycan xalqının qanını axıdıblar, bizi məhv ediblər. Heç şəhərin mərkəzində belə abidəmi olar? O abidə də və o quldur dəstəsinin üzvlərinin abidələri də söküldü və düz də etmişəm. Bütün dini ayinləri gözləmək şərti ilə onların qəbirləri oradan köçürüldü. Ancaq bu, dözülməz idi ki, şəhərimizin mərkəzində Azərbaycan xalqının düşmənlərinə abidə ucaldılıb»…
 
Ali Baş Komandan İlham Əliyevin N saylı hərbi hissədə söylədiyi dəyərli fikirlər, həm AVMVİB-də, həm də rayon şöbəsinin üzvü olan veteranlar tərəfindən geniş müzakirələrə səbəb olub. AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov bu çətin günlərdə də yorulmadan xalqımızın sağlamlığı və ölkəmizin inkişafı üçün çalışan prezidentimizə şöbə veteranları adından minnətdarlıqlarını bildirdi və son ollaraq qeyd etdi ki, həqiqətən də, «Biz birlikdə güclüyük!».
 
Mərdan Ələsgərov
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Binəqədi rayon şöbəsinin sədri
 
Keçid üçün link: http://fedai.az/?p=8669
Keçidlər