Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Covid-19 pandemiyası ilə mübarizə ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılmasına həsr olunmuş videokonfrans keçirildi

09 iyul 2020 | 11:00
8 iyul 2020-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığıilə ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Covid-19 pandemiyası ilə mübarizə ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılmasına həsr olunmuş videokonfrans keçirildi.
 
Videokonfransda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, millət vəkili Kamaləddin Qafarov, YAP Binəqədi rayon təşkilatının sədr müavini, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, rayon təşkilatının Şura və İdarə Heyətinin üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri və fəalları iştirak etdilər.
 
Konfransı geniş giriş nitqi ilə açan Ramiz Göyüşov dünyanın 130-dan çox dövlətinin dəstəyi ilə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil edilməsi təşəbbüsünə diqqət yönəltdi. Dövlət başçısının bu təşəbbüsünün böyük tarixi, siyasi əhəmiyyət malik hadisə olduğunu bildirdi. Vurğuladı ki, Prezident İlham Əliyevin uğurlu daxili siyasi strategiyası ilə yanaşı, beynəlxalq aləmdə təşəbbüskarı və ölkəmizin təşkilatçısı olduğu bir sıra mühüm beynəlxalq tədbirlər, konfranslar dövlətimizin nüfuzunun artmasına, dünya birliyində öz layiqli yerini və rolunu daha da qorumasına əsaslı zəminlər yaradır. Bu cür hadisələr eyni zamanda dövlət başçısının şəxsi nüfuzunun və uzaqgörən diplomatiyasının dünya dövlətləri tərəfindən dəstəklənməsinin bariz nümunəsidir. Daha sonra diqqətə çatdırdı ki, dövlət başçısının təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Toplantısının, Qoşulmama Hərkatının Zirvə görüşünün keçirilməsi də dünya dövlətlərinin həmrəyliyinə verilən ən önəmli töhfələrdən biridir. Ramiz Göyüşov eyni zamanda qeyd etdi ki, dünyanı bürüyən Covid-19 pandemiyası insan həyatına ciddi təhlükələrlə yaratmaqla yanaşı, ölkələrin iqtisadiyyatlarına da çox ağır zərbələr vurur, dünyanı daha böyük təhlükələr və sınaqlarla üz-üzə qoyur. Təbii ki, bu pandemiya gözəgörünməz, sərhədtanımaz bir müharibə olaraq onunla mübarizə dünya dövlətlərinin və xalqlarının birliyini, həmrəyliyini mühüm və təxirəsalınmaz şərt kimi ortaya qoyur. Bu baxımdan bu pandemiya ilə mübarizədə dövlətlər həmrəyliklə, birgə mübarizə aparmalı və bir çox məsələlərdə mübadilə proqramları həyata keçirilməlidir. Dövlət başçısının pandemiya ilə mübarizəyə həsr olunmuş BMT Xüsusi Sessiyasının çağırılması təşəbbüsü və bu təşəbbüsün 130-dan çox ölkə tərəfindən dəstəklənməsi deyilən amala mühüm töhfə olmaqla yanaşı, mübarizə tədbirlərinin daha da səmərəli və operativ qurulmasına şərait yardacaq. Ramiz Göyüşov işğalçı Ermənistanın bu təşəbbüsün əleyhinə çıxdığını bildirərək dünyada daim sülhə, əmin-amanlığa təhdidlər yaradan bir dövlətin dünyanın böyük və ciddi fəlakətlərlə üz-üzə qaldığı bir məqamda bu cür əhəmiyyətli təşəbbüsə dəstək verməməsini məkrli niyyətin bir hissəsi olduğunu və bu fikirlərinin də fiaskoya uğrayacağını vurğuladı.
 
Videokonfransda geniş nitq söyləyən Hikmət Babaoğlu bildirdi ki, koronovirus pandemiyası qlobal xarakter daşımaqla bütün xalqların təhlükəsizliyini təhdid edir. Belə olan halda pandemiyaya qarşı yalnız birgə səylər və mümkün bütün resursları birgə səfərbər etməklə uğur qazanmaq olar. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin pandemiyaya qarşı mübarizə çərçivəsində tədbirlərin görülməsi məqsədilə hazırda rəhbərlik etdiyi Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə müraciət etməsi beynəlxalq aləmdə olduqca yüksək qiymətləndirilən bir təşəbbüsə çevirildi. Təsadüfi deyil ki, artıq BMT-nin 130-dan çox üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəklənib. Bu hər şeydən əvvəl Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rol və Prezident İlham Əliyevin lider kimi şəxsi nüfuzu ilə əlaqələndirilməlidir. Prezident İlham Əliyevin yeni təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər dövlətlər var. Bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Bu yüksək münasibət COVİD-19 qarşı mübarizədə yeni metod və üsulların tapılması ilə əlaqədar səyləri birləşdirməklə problemin mümkün həlli istiqamətlərinə də öz töhfəsini verə bilər.
 
Hikmət Babaoğlunun sözlərinə görə bu gün bütün dünyada hamının, o cümlədən ölkəmizin və vətəndaşlarımızın tezliklə bu təhlükəli virusa qarşı effektiv bir vasitənin tapılmasına ehtiyacı var. Ona görə də ölkəmizin bu təşəbbüsü dünya dövlətləri ilə bərabər cəmiyyətimiz tərəfindən də olduqca yüksək qiymətləndirilir.
Vüsar İsmayılov dövlət başçımızın təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi məsələsinin qaldırılmasının və bu təklifin BMT-nin üzvü olan 130-dan çox ölkə tərəfindən müsbət qarşılanmasının ölkə rəhbərinin dünya dövlətləri arasındakı böyük nüfuzundan xəbər verdiyini bildirdi. Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək. Ölkəmizin üzv olduğu təşkilatlara indiyə kimi, öz mühim töhfələrini verdiyini və BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin də ölkəmizin siyasi-diplomatik uğurlarının növbətisi olacağını bildirdi. Vüsar İsmayılov çıxışında vətəndaş məsuliyyətinin önəmini də vurğuladı. Bunun üçün ciddi maarifləndirmə tədbirlərinə hər zaman ehtiyac olduğunu və bu işdə də səfərbər olunmağın vacibliyini bildirdi.

Kamaləddin Qafarov videokonfransdakı çıxışında qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyanın keçirilməsi beynəlxalq səviyyədə pandemiyaya qarşı güclü birliyin formalaşmasına xeyli təkan verəcəkdir. Bu mövzunun BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında müzakirəyə çıxarılması dünyada cərəyan edən bu böhranın nəticələrinin aradan qaldırılmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, dünya əhalisinin sağlamlığının qorunmasına xidmət edəcək, bu sahədə beynəlxalq inteqrasiyaya kömək edəcəkdir. Sessiya həm də bütün üzv ölkələrin problemin həlli istiqamətlərində səylərini birləşdirməklə Covid-19-a qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirməsinə mühüm töhfə olacaq, bəşəriyyətin bu bəladan qurtarılması işinə öz təsirini göstərəcəkdir. Millət vəkili eyni zamanda pandemiya ilə mübarizə tədbirləri çərçivəsində Milli Məclisdə qəbul edilən qanunlardan bəhs edərək onların əhəmiyyətindən danışdı.
 
Videokonfransda həmçinin Yusif Alıyev və digər Şura üzvləri çıxış edərək dövlət başçısı İlham Əliyevin təşəbbüsünün yüksək əhəmiyyətindən bəhs etdilər. Dövlətimizin və xalqımızın artan nüfuzu ilə hər zaman qürur duyduqlarını söylədilər.
 
Konfransın sonunda rayon təşkilatının Şura və İdarə Heyətinin üzvlərinin, ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə cari məsələlər də ətraflı müzakirə olundu, bir sıra təkliflər səsləndirildi.
Keçidlər