Prezident hər zaman Azərbaycanın prinsipial mövqeyini ifadə edir
16 iyul 2020 | 11:00
İşğalçı Ermənistan zaman-zaman Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparıb. Bunun ən ağır nəticəsi olaraq Ermənistan tərəfindən 1991-1993-cü illərin hərbi kampaniyası dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal olunub. Əlbəttə ki, bu işdə Ermənistana xarici havadarları da kömək edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət nəticəsində Ermənistan beynəlxalq müstəvidə işğal faktına görə sıxışdırılır. Buna görə də onlar başqa taktika seçərək qondarma rejimin xaricdə təbliğatını gücləndirməyə çalışırlar.
Bununla yanaşı, 1994-cü ildə iki ölkə arasında atəşkəs elan olunmasına baxmayaraq Ermənistan tərəfindən mətəmadi olaraq Azərbaycana qarşı təxribatlar edilir. Bu illər ərzində Ermənistan dəfələrlə atəşkəsi pozaraq hərbiçilərimizə və mülki əhaliyə atəş açıb və soydaşlarımızı qətlə yetiriblər. Son olaraq isə 12 iyul 2020-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində beynəlxalq səviyyədə tanınan ərazisinə artilleriya atəşi edərək təxribatlar törədir. Hansı ki, hazırda bütün ölkələr Covid 19 pandemiyasına qarşı birlikdə mübarizə aparır. Bu, Ermənistanın Azərbaycana təcavüzünün və 1994-cü ildə razılaşdırılmış atəşkəsin yenidən pozulmasının əyani sübutudur. Şəhidlərin sayı 4 nəfər yüksək səviyyəli hərbi qulluqçu da daxil olmaqla 10-dan çoxdur. Ermənistan ordusu karantin və müharibə qaydalarına məhəl qoymur, Azərbaycana hücum edir və mülki əhalinin həyatına təhlükə yaradır. Azərbaycan dövləti öz güclü ordusu ilə hər zaman olduğu kimi, ərazisini qoruyur və bu şəkildə hər şey etməyə hazırdır. Çünki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səviyyəsində bu məsələ hər zaman diqqətdədir. Məhz bununla bağlı iyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Prezident iclasda deyib ki, bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır: "Çünki məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq".
Ermənistan tərəfindən törədilən son təcavüz aktı növbəti təxribat hadisəsidir. Ermənistanın vəhşilikləri, təxribatçı əməlləri pislənməlidir və bu işğalçı dövlət qanun qarşısında cavab verməlidir. Bütün dünya ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətini və qanun pozuntularını qınamalıdır.
Azərbaycan dövləti üçün Dağlıq Qarabağ məsələsi prioritetdir. Prezident İlham Əliyev həm beynəlxalq müstəvidə, həm də ölkə daxilində keçirilən tədbirlərdə hər zaman bu münaqişəni qabardır, Ermənistanın işğalçılıq siyasəti haqqında qətiyyətli çıxışlar edir. Dövlət başçısı iyulun 15-də keçirilən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında bir daha Azərbaycanın prinsipial mövqeyini ifadə edib: "... bizim hərbi postumuz artilleriya atəşi ilə vurulub və bu qəfil çirkin addım nəticəsində hərbçilərimiz həlak olublar. Dərhal mən bütün müvafiq göstərişlər verdim. Azərbaycan Silahlı Qüvvələrinə göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır, onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxarmasın. Eyni zamanda, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti qurumlara göstəriş verilib ki, bütün beynəlxalq təşkilatlar Ermənistanın bu diversiyası ilə əlaqədar məlumatlandırılsın, bu hadisə haqqında dolğun məlumat verilsin. Mən dərhal Təhlükəsizlik Şurasının toplantısını çağırdım və orada qeyd etdim ki, operativ vəziyyət imkan verən kimi, biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin nümayəndəliklərində işləyən hərbi attaşeləri, jurnalistləri, əgər belə istək olarsa, səfirliklərin digər nümayəndələrini həmin bölgəyə dəvət edəcəyik, onları bu vəziyyətlə tanış edəcəyik və onlar yerində görəcəklər ki, bu təxribatı törədən kimdir və bu təxribat nəticəsində həlak olanlar hansı ordunun əsgərləridir.”
Bir daha demək istəyirəm ki, görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Mən Təhlükəsizlik Şurasının toplantısında artıq demişdim ki, Azərbaycan əsgər və zabitlərinin qanı yerdə qalmamalıdır. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr əminəm ki, onlara yaxşı dərs oldu".
Dağlıq Qarabağ münaqişəsi bütün regiona mənfi təsir göstərir. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 1 milyondan çox azərbaycanlı öz yurd-yuvalarından qovularaq qaçqın və məcburi köçkün olub. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, lakin bu qətnamələr hələ də yerinə yetirilməyib. Azərbaycan hər zaman müharibəyə qarşı olub və bu münaqişənin də sülh yolu ilə həllinin tərəfdarıdır.
Fuad Hüseynzadə