Binəqədidə sahibkarlara 469 min manat güzəştli kredit verildi
2013-cü il noyabr 29-da Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Binəqədi rayonunun Biləcəri qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirildi.
Tədbir çərçivəsində 16 sahibkara 80 min manat məbləğində, ümumilikdə 19 sahibkarlıq subyektinə 469 min manat güzəştli kredit verildi. Bu kreditlər hesabına 86-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
90-a yaxın sahibkarın iştirak etdiyi tədbirdə sahibkarlarla Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparıldı və fond tərəfindən rayonda prioritet hesab olunan müasir ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olundu.
Tədbirdə çıxış edənlər - Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakı şəhəri, şəhərətrafı kənd və qəsəbələrdə, o cümlədən Binəqədi rayonunda görülən işlər və rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə görüləcək tədbirlər, ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat verdilər.
Tədbir çərçivəsində dövlətin güzəştli krediti hesabına Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində illik istehsal gücü 16,9 min ton olan çörək zavodunun fəaliyyətinə də baxış keçirildi.