Şriftin ölçüsü :

Saytın rəngi :

Bu günlərdə Azərbaycan tək qalmadı, qardaş Türkiyəyə Cümhuriyyətindən yenidən qardaşlıq, dostluq münasibəti gördük

17 iyul 2020 | 11:00
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Xüsusilə, Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin ağır nəticələrinin aradan qaldırılmasında hər zaman Azərbaycanın yanında olub, ölkəmizin haqq işini beynəlxalq aləmdə dəstəkləyib. Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkə olduğunu son günlərdə bir daha sübut etdi.
 
İyulun 12-də Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribat törətmişdir. Bu qəfil və xain hücum nəticəsində Azərbaycan Ordusunun hərbçiləri, eyni zamanda, mülki şəxslər həlak olmuş və yaralanmışdır.

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə  başçısı Ermənistanın hərbi təxribatı ilə bağlı beynəlxalq təşkilatların və dünya ölkələrinin reaksiyasına dair fikirlərini bildirərək ilk növbədə qardaş Türkiyəyə və onun Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edərək deyib: “Bir daha bütün dünya, Türkiyə və Azərbaycan xalqları gördü ki, biz əsl qardaşıq. Yaxşı günlərdə və ağır günlərdə bir-birimizin yanındayıq. Yəqin ki, həm Türkiyə vətəndaşları, həm Azərbaycan vətəndaşları mənim dəfələrlə dediyim sözləri xatırlayırlar və görürlər ki, mən nə qədər haqlı idim deyəndə ki, dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Bu yaşanan vəziyyət bir daha onu göstərir.”

Türkiyənin elə siyasi baxımdan bizim yanımızda olması yetərincə güclü faktordur. Bu baxımdan təbii ki, Ermənistan özünü çox narahat hiss etməlidir. Çünki onun üçün əsas faktor olan Rusiya ilə münasibətləri böhran içərisindədir. Digər tərəfdən, bölgədə yerləşdiyi ərazidə də ona yaxınlıq edən heç kəs yoxdur və ola da bilməz. Bu baxımdan onlar geopolitik dalandadırlar və yaxın gələcəklərinə çox pessimist yanaşırlar.

İyulun 16-da Azərbaycan Müdafiə Nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akarla görüşüb. Görüşdə yaşananlarla bağlı lazım olan nə varsa ediləcəyini deyən Akar “Tovuz bölgəsinə edilən hücumu qınayırıq. Azərbaycan türkünün acısı bizim acımızdır. Orada yaşadığınız hər cür sıxıntının burada çox dərin şəkildə hiss edildiyini də hamınızın bilmənizi istəyirəm” deyə qeyd edib.

Ümumi prosesləri təhlil edəndə bu nəticəyə gəlmək olur. Rusiya-Ermənistan əlaqələri göz qabağındadır, böhran yaxınlaşır. Azərbaycan-Türkiyə əməkdaşlığı isə güclənir, hərbi sahəni də nəzərə alsaq, çox sıx əməkdaşlıq mövcuddur.
 
Nəticə etibarı ilə, bu gün bütün dünya dövlətləri və beynəxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Eyni zamanda, bəşəriyyətin üzləşdiyi pandemiya ilə mübarizədə Azərbaycan mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir və bu təşəbbüslər dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Təbii ki, bu amillər işğalçı Ermənistanı çox qıcıqlandırır. Bu həm də o deməkdir ki, Azərbaycanın dünyada artan nüfuzu qarşısında Ermənistan daha da zəifləyir. 
       
                          
Hümbət  Hüseynov Avropa  Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin
Azərbaycan    üzrə   Milli   nümayəndə   heyətinin   üzvü,
Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri,
M.Ə.Rəsulzadə  bələdiyyəsinin sədri 
Keçidlər