Şriftin ölçüsü :

Saytın rəngi :

Siyasi partiyaların həmrəylik bəyanatı siyasi mədəniyyətin təzahürüdür

20 iyul 2020 | 11:00
2020-ci il iyul ayının 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki sərhəd ərazilərinə qəfil basqınından və bu təxribata qarşı ordumuzun düşmənə sarsıdıcı zərbələrindən sonra ölkəmizdə xalq-iqtidar, Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, həmrəyliyi, vəhdəti yaşanır.

Yaşından, cinsindən, vəzifəsindən, məşğuliyyətindən, mövqeyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, Respublikamızın vətəndaşları, ölkə əhalisi "COVİD-19" pandemiyasının yaratdığı problemlərə, çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, hər kəs öz problemini, öz dərdini unudaraq, qarı düşmənin məkrli niyyətlərinin qarşısını almaq üçün dərhal ayağa qalxdı.

İyul ayının 14-dən 15-nə keçən gecə ölkəmiz Bakıda və respublikamızın digər şəhər və rayonlarında Azərbaycan Ordusuna, Ali Baş Komandan cənab İlham Əliyevə dəstək şüarı altında möhtəşəm yürüş-aksiya yaşadı. Bu aksiya xalq-iqtidar, xalq-ordu həmrəyliyinin əyani nümayişinə çevrildi.

Fərəhləndirici və əlamətdar bir haldır ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar da bu prosesdən kənarda qalmadılar. Son vaxtlar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çağırışları əsasında ölkədə yeni bir siyasi mühit formalaşır, siyasi partiyalarla iqtidar arasında dialoq dəstəklənir, xalqı və dövləti narahat edən taleyüklü məsələlərlə əlaqədar qarşılıqlı hörmət əsasında fikir mübadiləsi aparılır.

12-15 iyul hadisələri ərəfəsində praktiki olaraq, Azərbaycanın müstəqillik tarixində ilk dəfə öz nizamnaməsi, proqramı, platforması, məqsəd və vəzifələri olan siyasi partiyalar rəqibləri ilə fikir ayrılığını, problemlərin həllinə yanaşma tərzini, hətta, ambisiyasını bir kənara qoyaraq və Yeni Azərbaycan Partiyası ilə həmrəylik nümayiş etdirərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yanında olduqlarını bəyan etdilər.

Əslində bu dəstək təkcə siyasi partiyaların xalqımız üçün çətin məqamda, dövlətimizin həyatında taleyüklü məsələlərin həllində bir narahatçılıqdan əlavə, həm də siyasi bir mədəniyyətin təzahürü idi. Bu mədəniyyəti Azərbaycan cəmiyyəti siyasi partiyalardan çoxdan gözləyirdi.

Ölkədə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən 55 partiyadan 43 partiya sədrinin imzaladığı bəyanatda qəti şəkildə bildirilir: " Biz Azərbaycan Siyasi Partiyaları, Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə uzanan qanlı ermeni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəf və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəllah əsgərik."

Bu birgə bəyanatı imzalayaraq qəbul etdikdən sonra bir sıra partiyaların sədrləri fərdi şəkildə ayrıca bəyanatlar verərək, Vətənin düşmən təcavüzünə məruz qaldığı günlərdə Ali Baş Komandan və Ordumuza dəstək olduqlarını bildirdilər.

Qeyd etməyi zəruri hesab edirəm ki, siyasi partiyalar hazırkı dövrdə yaranan vəziyyəti düzgün dəyərləndirərək, təxribatın nədən Dağlıq Qarabağ ərazisində deyil, tamamilə başqa bir coğrafi ərazidə, həm də sərhəddə baş verdiyinin, sərhəd nöqtəsinin hansı strateji ərazidə yerləşdiyinin, münaqişəyə digər dövlətlərin də cəlb edilməsi cəhdinin, beynəlxalq təşkilatları və xarici dövlətləri çaşdırmaq niyyətinin, hərbi toqquşmanın məsuliyyətini Azərbaycan üzərinə atmaqla onun beynəlxalq nüfuzuna zərbə vurmaq istəyinin, Azərbaycanı hərbi-siyasi təxribata çəkmək cəhdinin, ermənilərin və onların havadarlarının təcavüzkar niyyətlərinin təkcə Qarabağla məhdudlaşmadığını aydın təhlil edərək bunları bəyan etmələrini alqışlayırıq.

Qüdrətli  ordumuzun sonuncu hadisələrdə düşmənin hücumunun qarşısını alması, düşmənə sarsıdıcı zərbələr endirməsi, onun canlı qüvvəsini pərən-pərən  salması, onlarla canlı qüvvəsinin və çoxsaylı texnikasının məhv etməsi respublika əhalisi tərəfindən böyük sevinc və coşqu ilə qarşılanmışdır. Bu sevinc və coşqunu nümayiş etdirmək və bölüşmək, orduya və Cənab Ali Baş Komandana dəstəyini bildirmək məqsədilə on minlərlə insan, xüsusilə gənc nəslin nümayəndələri yürüş aksiyası keçirərək, Şəhidlər Xiyabanına gəlmişlər. Bu tədbirdə yürüş iştirakçıları, Ali Baş Komandanın, Ordumuzun, şəhidlərimizin ünvanına coşqu və yüksək əhval-ruhiyyə yaradan şüarlar səsləndirmiş, yürüş boyu Azərbaycan Polisi də asayişi təmin etməklə yürüş iştirakçılarına qoşulmuşlar.

Bununla yanaşı, təəssüf hissi ilə bildirirəm ki, hər zaman kütləvi tədbirlərdə olduğu kimi, bu dəfə də xalqın sevincindən, coşqusundan sui-istifadə edən AXCP-nin tör-töküntüləri, radikal müxalifətin nümayəndələri, xaricdə oturan və erməni təbliğatına işləyən, həmkarlarının təhriki ilə bu gözəl və nəcib təşəbbüsə kölgə salmağa, onu pozmağa, qanunsuz əməllər törətməyə çalışmışlar. Onlar dövlət tərəfindən mühafizə olunan dövlət müəssisəsinin - Milli Məclisin binasına girərək burada şüşələri, inventar və avadanlıqları sındıraraq dövlət əmlakına xeyli ziyan vurmuş, qanuna zidd və dini şüarlar səsləndirmiş, polis maşınını aşırmış, digər qanuna zidd əməllər törətmişlər.
 
Bununla belə, Azərbaycanın hüquq mühafizə orqanlarının işə qarışması nəticəsində  asayiş bərpa olunmuşdur.

Bu qanuna zidd hərəkətlərə yol vermiş həmin o tör-töküntülərə, ixtişaşa cəhdin ideoloqlarına və təşkilatçılarına səslənərək bildirirəm ki, indi 90-cı illər deyil. İndi Azərbaycan güclü, qüdrətli bir dövlətdir. Onun qətiyyətli, müdrik, ağıllı və cəsarətli rəhbəri, dövlətin və xalqın təhlükəsizliyini təmin edən güc və icra strukturları var. İstər ölkə daxilində, istərsə də xaricində heç kəs Azərbaycan və onun rəhbəri ilə zor gücü ilə danışa bilməz. Azərbaycanda güclü xalq-iqtidar birliyi, Ali Baş Komandan-ordu və xalq həmrəyliyi var.

Azərbaycan xalqı yaxşını pisdən, ağı qaradan seçməyi yaxşı bacarır, hər şeyi görür və onu düzgün və obyektiv qiymətləndirir.

Bir məsələni də qeyd etməyi zəruri hesab edirəm. Siyasi partiyalar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı ilə Milli Ordumuzla həmrəylik nümayiş etdirərək onların yanında olduqlarını, birmənalı olaraq dəstəklədiklərini bildirəndə, özlərini ona müxalifət adlandıran, üzdə millətdən, xalqdan, dövlətdən, qeyrətdən danışan, arxada isə müxalif yollar və vasitələrlə anti-təbliğat aparan, istər daxildə, istərsə də xaricdə kiminsə ağuşunda oturub Azərbaycana təhqirlər və böhtanlar yağdıran, erməni təbliğatına işləyən radikal və dağıdıcı müxalifətin imzalarını görmədik, səslərini  eşitmədik. Əgər bu səslər hardasa xarici ölkələrdən gəldisə, yenə də öz ampluasında gəldi. Yersiz, əsassız ittihamlar, tənqidlər, atmacalar formasında. ..və bu boş-boş atmacalar, tənqidlər və ittihamlar böyük amallar uğrunda yola çıxmış Azərbacan adlı bu karvanı, bu qatarı öz yolundan döndərə bilməz.
 
Karvan öz yolundadır!

Ramiz Göyüşov
YAP Binəqədi Rayon təşkilatının sədri
 
Keçidlər