Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri şəhid ailələrinə, müharibə əlillərinə qayğıdır

24 iyul 2020 | 11:00

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirildi. Bu, ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir. Təqdimat mərasimində də qeyd edildiyi kimi, dövlət tərəfindən həmin binada şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 62 mənzil verildi. Bu mənzillərin 42-si Qarabağ müharibəsi əlilləri, 20-si isə şəhid ailələri üçün nəzərdə tutulmuşdur. Ümumiyyətlə, bu mənzillər də daxil olmaqla indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8018 mənzil və fərdi ev təqdim olunub. Bu qəbildən olan vətəndaşlarımız təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək 430 mənzil təqdim olunub. 2018-ci ildə 265, 2019-cu ildə 600 müharibə əlili avtomobillə təmin olunub. Bu dəfə təqdim edilən 50 avtomobil də daxil olmaqla 2020-ci ildə bu qəbildən olan insanlara, ümumilikdə 150 avtomobil verilib. İlin sonunadək isə 400 müharibə əlilinin avtomobillə təmin olunması planlaşdırılır. Onu da deyək ki, təqdim olunan avtomobillər yerli istehsal olan “Khazar LX” avtomobilləridir. Bu dəfə verilən 50 avtomobil də daxil olmaqla indiyədək müharibə əlillərinə 6900 avtomobil təqdim olunub. Bütün bu sadaladıqlarımız Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə olan qayğının əyani göstəricisidir. Ölkə Prezidenti cənab İlham Əliyevin də nitqində söylədiyi kimi, “Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, əlillər üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, bu il bu sahədə ən böyük göstəriciyə nail olunub”.

Dövlət başçısının da söylədiyi kimi, “Sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur”. Ölkə başçısı qeyd edib ki, “Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib, özəl şirkət – “Paşa Holdinq” tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilibdir və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Bu, həm ölkəmizdə vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir”. Ölkə rəhbərinin də dediyi kimi, “Sosial sahədə də çox böyük işlər görülür. Keçən il şəhid ailələrinin müavinəti 20 faiz artırılıb - 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub”. Ölkə başçısı koronavirus (COVID-19) pandemiyası dövründə görülmüş işlərdən də danışıb. Yeni modul tipli xəstəxanaların tikildiyini, xəstələrin dərmanlarla təchiz edildiyini bir neçə xarici ölkədən mütəxəssislərin, həkimlərin cəlb edildiyini vurğulayıb.

Keçidlər