Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaq - əgər, uğrunda ölən varsa Vətəndir!

31 iyul 2020 | 11:00

Torpaq - əgər uğrunda ölən varsa, Vətəndir! Vətən millətin evi, millət də vətənin ailəsidir. Vətən bizi qoruyan anadır.

Vətəni sevmək təkcə torpağını sevmək deyil, Vətəninin hər bir sərvətinin qədrini bilməkdir.

Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Dahi şəxsiyyətin fikrincə, Vətən yalnız coğrafi ərazi deyil, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, qürur mənbəyidir. Bugünkü müasir, müstəqil Azərbaycan ulu öndərimiz Heydər Əliyevin bizə ən müqəddəs, ən ülvi əmanəti, yadigarıdır.

Məlumdur ki, torpaqlarımızın bir qismi mənfur düşmənlərimiz tərəfindən zəbt edilmiş və hələ də öz niyyətlərndən əl çəkməyən ermənilər öz siyasətlərinə davam edirlər.

Tez-tez atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı birləşmələrinin iyulun 12 də ordumuzun mövqelərini və sərhədyanı kəndlərimizi dayanmadan atəşə tutması Azərbaycan Silahlı Qüvvələrini işğalçıya cavab vermək məcburiyyətində qoydu. Düşmənə layiqli cavab verildi. Azərbaycan Ordusu isə igid oğlanlarını itirdi. Bu oğullar öz torpaqlarında Vətən üçün döyüşərək qəhrəmancasına həlak oldular. Cəbhə bölgəsində hərbçilərimizin, ORDUMUZUN GENERALININ şəhid olması xəbəri qəlbimizi göynətdi. Hər bir qadın o şəhidin anası oldu, bacısı oldu...O yaranı qəlbimizlə hiss etdik...

Bu hadisə də bir daha sübut etdi ki, xalqa, dövlətə sədaqətlə xidmət edən Azərbaycan oğulları Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazırdırlar.

Mən əminəm ki, nəinki Azərbaycan kişisi, hətta, hər bir Azərbaycan xanımı da istənilən zaman silaha sarılmağa hazırdır. Yaşından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Ali Baş komandanın yanındadır və onun əmrinə tabedir.

Bu günlərdə baş verənlər millətimizin bir daha əzmini, mətanətini, Vətənə olan sonsuz sevgisini təcəssüm etdirdi.


Elnurə Abdullayeva
Yazıçı-Dramaturq

 

Keçidlər