Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyi tərəfindən MDB-yə üzv olan ölkələrin gəncləri ilə görüş keçirildi

26 iyul 2020 | 11:00
İyulun 25-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyi tərəfindən Rusiya , Belarusiya , Ukrayna , Qazaxıstan və Qırğızıstandan olan gənclərlə son günlər Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində, xaricdə Ermənistan və erməni lobbisi tərəfindən ölkəmizə, həmvətənlərimizə qarşı törədilən təxribatlar və Dağlıq-Qarabağ münaqişəsi haqqında videokonfrans formatında iclas keçirildi.

İclasda Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, sədr müavinlər Cəmilə İsmayılova, Anar Əliyev, Eldar Qurbanov və MDB-yə üzv ölkələrdən olan gənclər iştirak etdilər.

İclası giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev bütün iştirakçıları salamladı və iclas iştirakçıları arasında qısa tanışlıq oldu. YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyi tərəfindən silsilə şəkildə keçirilən bu iclasların əsas məqsədinin Azərbaycanın haqq səsini xaricdə yaşayan gənclərə çatdırmaq olduğunu vurğulayan Fəsli Nəbiyev, bundan əvvəl keçirilən iclaslarda xarici gənclərlə mövzu ətrafında maraqlı müzakirələr aparıldığını qeyd etdi. Azərbaycan gəncliyinin Prezident İlham Əliyevin apardığı dövlət gənclər siyasəti nəticəsində cəmiyyətin bütün sferalarında aparıcı qüvvəyə malik olduğunu bildirən Fəsli Nəbiyev qeyd etdi ki, Azərbaycanla bağlı həqiqətlərin xarici ölkələrdə yaşayan insanlara çatdırılmasında gənclər xüsusi rol oynayır. Rusiya, Belarusiya, Ukrayna, Qazaxıstan və Qırğızıstan arasında ölkələrimizin pozitiv əlaqələrə malik olduğunu vurğulayan Fəsli Nəbiyev bildirdi ki, bu cür görüşlər həmin ölkələrin gənclərinin arasında mütəmadi ünsiyyətin qurulmasında çox əhəmiyyətlidir.

Daha sonra, iclasda geniş təqdimatla çıxış edən YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Cəmilə İsmayılova son günlər Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində, xaricdə Ermənistan və erməni lobbisi tərəfindən ölkəmizə, həmvətənlərimizə qarşı törədilən təxribatlar və Dağlıq-Qarabağ münaqişəsi haqqında iştirakçılara məlumat verdi. Azərbaycanın 30 ilə yaxındır Ermənistanın işğalçı siyasətindən əziyyət çəkdiyini vurğulayan Cəmilə İsmayılova düşmənin iyulun 12-də Azərbaycanın Tovuz rayonunun Ermənistanla sərhəd bölgəsi olmasına baxmayaraq öz işğalçı siyasətini davam etdirərək burada sərhəd qoşunlarımıza hücumlar etdiyini bildirdi. Hücumlar nəticəsində 12 hərbi qulluqçumuzun şəhid olduğunu və 1 mülki vətəndaşımızın qətlə yetirildiyini vurğuladı. Bununla belə Azərbaycan Ordusu düşmən təxribatına cavab olaraq erməni işğalçılarına sarsıdıcı zərbələr vurmuş və düşmənin xeyli döyüş texnikası və canlı qüvvəsi məhv edilmiş,təxribatın qarşısı qətiyyətlə alınmış, Azərbaycan ordusu öz səlnaməsinə növbəti qələbəsini yazmışdır.Bu qələbə əhali tərəfindən böyük sevinc, coşqu və ruh yüksəkliyi ilə qarşılanmış, əhali bu coşqunu iyulun 14-də Azərbaycan Ordusuna və Ali Baş Komandana izdihamlı dəstək yürüşü ilə qeyd etmişdir. Bu hadisələr və ordumuzundüşmən təxribatının qarşısının alınması zamanı nümayiş etdirdiyi şücaət xaricdə yaşayan həmvətənlərimizdə də ruh yüksəkliyi yaratmış,dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz yaşadıqları ölkələrdə səfirliklərimiz önündə dinc askiyalar təşkil edərək ordumuzla, xalqımızla, Ali Baş Komandanla həmrəy olduqlarını bildirmişlər. Lakin xarici ölkələrdə yaşayan ermənilər səfirliklərimiz, konsulluqlarımız qarşısında müxtəlif təxribatçı tədbirlər keçirərək emrəni terrorçularını, radikal qüvvələri aksiyalara cəlb etmiş, azərbaycanlılara hücum edərək Azərbaycanın dövlət atributlarını təhqir etmiş,insanlara zor tətbiq edərək ağır bədən xəsarətləri yetirmiş, qanunsuluqlar, vəhşiliklər törətmiş, həmvətənlərimiz erməni vandalizminə məruz qalmışlar. Ermənistanın və erməni lobbisinin törətdikləri son təxribatlar nəticəsində öz işğalçı mövqelərini açıq şəkildə nümayiş etdirdiklərini bildirən Cəmilə İsmayılova Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək Azərbaycanın haqqlı mövqeyinin dəstəklənməsi və təbliğ olunması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Sonda iclas iştirakçıları arasında mövzu ətrafında müxtəlif fikir mübadilələri aparıldı, xarici gənclər Azərbaycanın bu cür vətənpərvər və savadlı gəncliyə sahib olduğuna görə qürur hiss keçirdiklərini bildirərək, Dağlıq-Qarabağ münaqişəsində Azərbaycanın apardığı haqq mübarizəsində onun yanında olduğunu bildirdilər.
 
 
 
 
 
 
 
 
 
Keçidlər