“Dövlətimizin milli maraqlarına qarşı təxribat törədənlərin bütün əməlləri iflasa uğrayacaqdır”
14 avqust 2020 | 11:00
İyulun 12-də Azrəbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistan tərəfindən törədilən təxribatların qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən böyük şücaətlə alındı. Xain düşmənin növbəti təcavüz aktı nəticəsində hərbi qulluqçularımız şəhid oldu və bir mülki vətəndaşımız qətlə yetirildi. Hadisədən dərhal sonra vətəndaşlarımız, xüsusilə gənclər orduya dəstək olmaq məqsədilə yürüş keçirdi və ölkəmizin düşmən qarşısında xalq-iqtidar birliyini pozmağa cəhd edən qüvvələr həmin yürüşə kölgə salmağa çalışdı. Lakin vətəndaşlarımızın və polisimizin ayıq-sayıqlığı nəticəsində ölkəmizdə Ermənistanın və erməni lobbisinin tapşırıqlarını yerinə yetirən 5-ci kalonun bu təxribatlarının qarşısı aldındı. Həmin hadisələrdən sonra, xaricdə yaşayan həmvətənlərimiz Azərbaycanın haqq səsinin digər ölkələrin cəmiyyətlərinə çatdırmaq üçün söz və toplaşmaq azadlığı çərçivəsində dinc şəkildə aksiyalar təşkil etdilər. Diplomatiya və hərb sahəsində heç bir dəstək əldə edə bilməyən Ermənistan bu dəfə xaricdə yaşayan erməni lobbisinin üzvləri vasitəsilə xaricdəki soydaşlarımıza vəhşicəsinə hücumlar edib öz təcavüzkar siyasətini açıq şəkildə bir daha nümayiş etdirdi. Bu hadisələrin fonunda, ən əsas diqqət çəkən məqam Azərbaycanın hər zaman yüksək tərəfdaşlıq əlaqələrinə sahib olduğu bəzi dövlətlərin vasitəçiliyi ilə Ermənistana silah yardımının edilməsi oldu. Belə ki, Tovuz istiqamətində iyul ayının ortalarında törədilən təxribatlardan bir neçə gün əvvəl Serbiyadan Ermənistana çox sayda silah sursat göndərilmişdir ki, bu da hər zaman Serbiyanın çətin günlərində onun yanında olan və Serbiyanın ərazi bütövlüyünü tanıyaraq Kosovanın müstəqilliyini tanımayan Azərbaycanda böyük təssüf hissi yaratdı. Bu hal aşkarlandıqdan dərhal sonra, avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, Ermənistanıın istifadəsinə Serbiya istehsalı silahların verilməsi ilə bağlı təssüf hissi keçirdiyini bildirdi və Azərbaycana məsələni araşdırmaq üçün nümayəndə heyəti göndərdi. Digər önəmli bir məqam isə Azərbacyan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistan tərəfindən törədilən təxribatlardan sonra Rusiyanın bu ölkəyə 400 tondan çox silah göndərməsi oldu. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun həmsədrlərindən oldan Rusiyanın münaqişədə Azərbaycana hücum edən və indiki dövrdə ölkəmizin sərhədində təxribatlar törədən Ermənistana bu qədər böyük miqdarda silah yardımı etməsi cəmiyyətimizdə böyük suallar doğurur. Bu gün Ermənistan təkcə Azərbaycan üçün deyil, eyni zamanda regionumuza böyük təhlükələr və təhdidlər yaradır. Ancaq Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi altında heç bir zaman bu vəziyyətlə barışmayacaq və hər zaman ölkəmizin milli maraqlarını nəyin bahasında olursa olsun müdafiə edən dövlətimizin başçısı bu məsələni bu yerdə qoymayacaq. Belə həssas dövrdə, xüsusilə təxribatlardan dərhal sonra Türkiyənin qardaş ölkə olaraq Azərbaycana həm siyasi, həm də hərbi cəhətdən dəstək olması cəmiyyətimiz tərəfindən böyük rəğbətlə qarşılandı, əslində bu münasibətlər digər dövlətlərə gerçək dostluq, əməkdaşlığın necə olduğunu nümayiş etdirir. Hər şeydən öncə, Azərbaycanda güclü xalq-iqtidar birliyi var və vətəndaşlarımız Prezidentimizin ətrafında sıx birləşərək hər zaman olduğu kimi öz dəstəyini verir. Bu isə vətəndaşımızın Prezidentdə, Prezidentimizin isə vətəndaşa olan qayğısının təzahürüdür. Ona görə də dövlətimizin milli maraqlarına qarşı təxribat törədənlərin bütün əməlləri iflasa uğrayacaqdır.
YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri