Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Beynəlxalq Əlillər günü münasibətilə silsilə tədbirlər keçirilib

03 dekabr 2013 | 11:00

3 dekabr-Beynəlxalq Əlillər Günü ilə əlaqədar Binəqədi rayonunda bir sıra tədbirlər keçirilib.
Rayonda yaşayan sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram süfrəsi açıldı və şənlik təşkil edildi. “Atrium” əyləncə mərkəzində keçirilən tədbirdə məzhəkəçilərin və nağıl qəhrəmanlarının təqdim etdikləri gülüş dəqiqələri, müxtəlif əyləncəli oyunlar və rəqslər xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram ovqatını daha da artırdı.
Qarabağ, Böyük Vətən müharibəsi, eyni zamanda Çernobıl, Əfqanıstan və ümumi səbəbdən əlillərin iştirak etdiyi tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov əlilləri bayram münasibəti ilə təbrik edərək bildirdi ki, 1982-ci ildən BMT-nin qərarı ilə hər il dekabrın 3-ü dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Azərbaycanda isə bu gün rəsmi şəkildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra qeyd olunur. Ölkəmizdə əlillərə qayğı və onların problemlərinin həllinin daim dövlətin diqqət mərkəzində saxlanıldığı vurğulandı. Əlillərin sosial problemlərinin həlli, mənzil şəraitinin daha da yaxşılaşdırılması və pensiya müavinətlərinin artırılması sahəsində atılan məqsədyönlü addımlar bunun bariz nümunəsidir. Natiq ölkəmizin hər yerində olduğu kimi Binəqədi rayonunda da əlillərin diqqət və qayğı ilə əhatə edildiyini dedi. Bu gün Binəqədidə yaşayan 7 min 500 əlil dövlətin yaratdığı imkanlardan yararlanır.
Respublika Əlil Təşkilatları Konfederasiyasının sədri Davud Rəhimli, Respublika Əlil Qadınlar Cəmiyyətinin sədri Məxluqə Rəhimova və digər çıxışçılar günü-gündən çiçəklənən respublikamızda əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən və onlara olan dövlət qayğısından danışdılar. Qeyd edildi ki, hər il dekabrın 3-də BMT-yə üzv olan ölkələrdə, o cümlədən respublikamızda əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmləndirilməsinə yönələn tədbirlər təşkil olunur. Əlillər də onlara yaradılan yüksək şəraitə görə ölkə rəhbərliyinə  minnətdarlıqlarını bildirdilər, dövlətin qayğısı nəticəsində bu gün əlillərin cəmiyyətin tam hüquqlu vətəndaşı kimi fəaliyyəti üçün hər cür şərait yaradılıdığını vurğuladılar.
3 dekabr-Beynəlxalq Əlillər Günü münasibətilə rayonda yaşayan 200-ə yaxın əlil vətəndaşa maddi yardım edildi.
Eyni zamanda əlamətdar gün münasibətilə rayonda yaşayan əlillər arasında Şahmat və Dama birinciliyi də keçirildi. Qaliblər Rayon İcra Hakimiyyəti tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

Keçidlər