Azərbaycan torpağı işğalçılardan tam azad olunacaq!
Bu gün bizim güclü ordumuz, güclü dövlətimiz var. Ali Baş Komandan, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə inamla addımlayan müasir Azərbaycanımız var. Ölkə rəhbərimizin beynəlxalq trubunalardan qətiyyətli çıxışları, düşmənə verdiyi layiqli cavablar biz təhsil işçilərində qürur hissi oyadır. Mən Sizinlə fəxr edirəm! Atdığınız hər bir addımı dəstəkləyirəm! Son vaxtlar cəbhədə, sərhəd bölgəsində baş verən hadisələrdə ordumuzun düşmənə layiqli cavab verməsi onu göstərir ki, əmrinizlə tezliklə tarixi torpaqlarımızı işğalçılardan azad edəcəyik. Sizin haqq yolundakı qətiyyətiniz, mətinliyiniz xalqımızda, cəbhədə döyüşən igid əsgərlərimizdə böyük ruh yüksəkliyi yaradıb.
Cənab Ali Baş Komandan! Tam əminliklə deyə bilərəm ki, Sizin adınız Azərbaycanın şanlı tarixinin unudulmaz görkəmli sərkərdələri sırasına qızıl hərflərlə yazılacaq. Azərbaycanımın rəşadətli Ordusunun bugünkü zəfər yürüşü məhz Sizin müdrik siyasətinizin, gərgin əməyinizin dəqiq düşünülmüş məntiqi nəticəsidir. Ölkəmizdə “Hərbi vəziyyətin elan edilməsi haqqında” Fərmanınızı hamılıqla qəbul edirik. Çünki hərbi vəziyyətin ölkəmizdə elan olunması ordumuzun yüksək hərbi hazırlığından xəbər verir. Ən əsası da bu Fərman ilk növbədə xalq, dövlət və ordu birliyinə də işarədir. Bu fərman terrorçu erməni işğalçı kütləsinin mənfur niyyətlərinin qarşısının alınması siyasətinin davamıdır. Hərbi vəziyyət Ermənistanın məhz işğalçı siyasətinə vaxtında verilən cavabdır. Cənab Ali Baş Komandan, biz Sizinləyik, Sizə və ordumuza tam güvənirik.
Azərbaycan vətəndaşı olaraq hər birimiz “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmana, burada qeyd edilən tələblərə riayət etməyə borcluyuq. Bu, hər bir azərbaycanlının şəxsi məsuliyyəti və vətəndaşlıq borcudur. Ölkəmizdə elan olunan hərbi vəziyyət işğalçı erməni təxribatlarına adekvat cavabdır. Minlərlə azərbaycanlının yaşından və sosial statusundan asılı olmayaraq, könüllü olaraq orduya yazılması günbəgün artır. Azərbaycan cəmiyyətinin hər bir üzvünün könüllü atdıqları bu addım cəmiyyətin hərbi vəziyyətə hazır olduğunu sübut edir. Hər bizimiz bir əsgərik. Əmrinizi gözləyirik!
Hər zaman olduğu kimi, indi də Sizə güvənir, Sizinlə qürur duyuruq. Bu çətin günlərdə ordumuza əlimizdən gələn köməyi etmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bu gün Azərbaycan Sizin sayənizdə güclü, müasir silah-sursatla təchiz olunmuş orduya malikdir. Əminəm ki, çox yaxın günlərdə azad edilən ərazilərdə böyük quruculuq işlərinə başlanacaqdır. Biz həmin işlərin də öhdəsindən birlikdə gələcəyik. Ölkədə elan olunan hərbi vəziyyətlə bağlı Fərmanınız nəinki təhsil işçiləri tərəfindən, əminliklə deyə bilərəm ki, bütün xalqımız tərəfindən dəstəklənir. Biz təhsil işçiləri artıq müasir tarixi dərslərimizi şagird və tələbələrimizə rəhbərliyiniz sayəsində işğalçılardan geri alınmış torpaqlarımızın şanlı qələbələrlə yazılmış mözvularını əhatə edən dərsliklərlə keçəcəyik. Tarix dərsliklərimiz dəyişdiriləcək! Mövzularımız zəfər mətnləri ilə dəyişdiriləcək və yeni-yeni azad olunmuş torpaqlarımızın öyrənilməsi davam edəcəkdir. Son günlər baş vermis uğurlarımız, tarix dərsliklərində, kitablarında, vəsaitlərində yeni qələbə müjdəli sətirlərin yazılmasının sayını artıracaqdır. Buna səbəbkar Siz olursunuz, Cənab Ali Baş Komandan! Qələbə müjdəli, zəfər dolu mövzuları yazdırırsınız.
Ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı Fərmanınız dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesajdır. Bu Fərman bizim - bütöv Azərbaycan xalqının ruh yüksəkliyi və haqq yolunda apardığımız mübarizəyə hazır olmamız barədə bir mesajdır. Azərbaycan dövləti bəyan etdiyi dəyərlərə həmişə sadiqliyi ilə seçilən olub. Terrorçuluğu ilə seçilən ermənistanlılardan fərqli olaraq, işğalçı siyasət yürütmürük. Biz bütün dövrlərdə olduğu kimi bu gün də dözümlülük, sülh və mədəniyyətlərarası dialoqu üstün tutan əsas siyasi və mənəvi dəyər sahibiyik. Bütün bunlara Prezident İlham Əliyevin rəhbərliyi sayəsində nail olmuşuq. Məhz həmin dəyərlərin daşıyıcıları olaraq öz ərazi bütövlüyümüzün qorunması naminə ölkədə və bütün regionda Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır. Bu ədalətli və haqq yolunda gedən müharibədə zəfər çalacağımıza tam əminik. Ermənilər kimi başqa dövlətin torpağını işğal etmirik, etmərik də. Öz əzəli tarixi torpaqlarımızın işğalçılardan azad olunması uğrunda mübarizə aparırıq. Azərbaycanlı olaraq tam əminliklə demək istərdim ki, bu gün hər zaman olduğundan daha çox milli həmrəylimiz görünür. Bu gün hər birimiz bu milli həmrəyliyimizin şahidiyik. Siyasi tariximizə nəzər salsaq görərik ki, ilk dəfə olaraq ölkəmizin 50 siyasi partiya rəhbəri Ali Baş Komandanın, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatla çıxış ediblər. Bu addım ölkəmizin siyasi tarixində ilk olmaqla yanaşı, həm də milli birliyimizin ən ali təcəssümünü göstərmiş oldu.
Çox hörmətli Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanı ona dəlalət edir ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır. Biz təhsil işçiləri də bu qərardan irəli gələn hər müddəanın reallaşdırılması işinə daha çox dəstək olmağa çalışacağıq.
Cənab Ali Baş Komandan, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığınız mübarizədə biz təhsil işçiləri Sizi həmişə dəstəkləmişik və dəstəkləməkdə davam edəcəyik. Çünki Sizin mətinliyinizlə biz qələbəyə, zəfərə doğru getməyə nail oluruq. Bu gün düşməndən geri alınan doğma torpaqlarımızın qələbə xəbərini bizə yaşatdığınız üçün Sizə bir daha təşəkkür edirəm.
Cənab Ali Baş Komandan, mən əminəm ki, Sizin güclü qətiyyətiniz və mətinliyinizlə Azərbaycan torpağı işğalçılardan tam azad olunacaq. Biz Sizin yanınızdayıq. Əminəm ki, yaxın zamanda Sizin efirdən: "Gözün aydın olsun, Azərbaycan. Haqqı olduğumuz torpaqlarımız geri alındı. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"-zəfər xəbərinizi eşidəcəyik.
Azərbaycan Respublikasının Əməkdar Müəllimi,
Binəqədi rayonu, 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət