QİÇS və narkomaniyaya qarşı mübarizəyə həsr olunan tədbir keçirildi
6 dekabr 2013-cü il tarixdə Binəqədi rayonunda “Zərərdən uzaq, sağlam həyata yaxın ol” mövzusunda QİÇS və narkomaniyaya qarşı mübarizəyə həsr olunan maarifləndirici tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin “Ümidli gələcək” Gənclər Təşkilatı və Hemofiliyalı xəstələrin Respublika Assosiiasiyası ilə birgə keçirdiyi tədbirdə rayonda yerləşən təhsil müəssisələrinin psixoloqları, uşaq birliyi rəhbərləri və yuxarı sinif şagirdləri iştirak edirdi
Binəqədi rayon 100 saylı tam orta məktəbdə keçirilən tədbirdə QİÇS xəstəliyinin və narkomaniyanın bəşəriyyət üçün böyük bəla olduğunu deyən rayon İcra Hakimiyyəti başçsının müavini Vüsar İsmayılov bu bəlaya qarşı mübarizənin zəruriliyindən, o cümlədən maarifləndirmə tədbirlərinin genişləndirilməsinin əhəmiyyətindən bəhs etdi. Natiq qeyd etdi ki, insanların, xüsusilə də gənclərin fiziki sağlamlığına zərbə vurmaqla yanaşı, narkomaniya həm də cəmiyyətdə əxlaqi və mənəvi aşınmalara səbəb olur. Hamıya “ağ ölüm” kimi məlum olan narkomaniya insanları təkcə sağlam həyat tərzindən məhrum etmir, həm də cəmiyyətin sosial-iqtisadi inkişafına da mənfi təsir göstərir, eləcə də cinayətkarlığa zəmin yaradır. Beləliklə, sağlam cəmiyyət və güclü dövlətin təməlini təşkil edən ailələr təhlükəli meyillər nəticəsində dağılır, bu da öz növbəsində dövlət və cəmiyyət üçün arzuolunmaz hal sayılır.
Dünyada, o cümlədən ölkəmizdə müasir dövrün bəlalarından olan narkomanlıq və QİÇS-ə qarşı mübarizə tədbirlərindən və onun nəticələrindən danışan “Ümidli gələcək” Gənclər Təşkilatının mərkəz rəhbəri Elnarə Hüseynova və Hemofiliyalı xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova bildirdilər ki, QİÇS və narkomanlığa qarşı mübarizədə və gənclər arasında sağlam həyat tərzinin təbliğ olunmasında fəal iştirak etmək hər bir kəsin borcudur. Tədbirdə QİÇS, onun yoluxma yolları barədə məlumat verilib, gənclər sağlam həyat tərzi keçirməyə çağırılıb.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı və maarifləndirici bukletlər və braşurlar paylandı.