Şriftin ölçüsü :

Saytın rəngi :

"Prezidentimiz dünya miqyasında Azərbaycanın informasiya savaşının da şəksiz sərkərdəsidir"

29 oktyabr 2020 | 11:00

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  son 5 gündə dünyanın müxtəlif media vasitələrinə verdiyi müsahibələr, onun qlobal informasiya savaşının ən bacarıqlı sərkərdəlirindən biri olduğunu əyani şəkildə ortaya qoymuş oldu. Bu müsahibələr Azərbaycan həqiqətlərini dünya birliyinə çatdırmaqla bərabər, ölkəmiz  haqqında təsəvvürləri əhəmiyyətli dərəcədə dəyişərək, Milli Ordunun son günlərdə əldə etdiyi tarixi qələbələrə tamamilə fərqli, obyektiv  rakursdan baxmağa vadar etdi."

Müasir hərb tarixində tərəflərin  informasiya meydanında da üstünlüyü amilini yüksək qiymətləndirən  dövlət başçısı  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsinin hazırkı mərhələsində rəsmi Yerevanın, erməni lobbisinin və onların havadarlarının ictimai fikri tamamilə başqa məcraya çəkmək, erməni işğalçılarını zərərçəkən qismində qələmə vermək cəhdlərinə sərrast və tutarlı arqumentlərlə cavab  verir. Bir vaxtlar Azərbaycana qara yaxmağa, onun haqq işinə kölgə salmağa çalışan "nüfuzlu" media qrupları, məsuliyyət hissini itirərək,  çirkabatma kampaniyasını daha da gücləndirmək üçün Azərbaycan Prezidenti İlham Əliyevlə qarşı-qarşıya gəlməyə cəsarət edirlər. Onlar mənsub olduqları  ölkələrin media izləyicilərinə Ali Baş Komandanımızı guya çətin vəziyyətə salmaq üçün " uzun-uzadı olaraq hazırlanmış ev tapşırıqları" ilə müsahibəyə gəlir və sonda isə bu söz duelindən açıq-aşkar şəkildə məğlub ayrılırlar. Prezidentimizin arqumentli, dəqiq, hüquqi və məntiqi cəhətdən əsaslandırılmış cavabları qərəzli jurnalistlərin qara niyyətini, guya onu "çıxılmaz vəziyyətə salmaq" istəyini ürəklərində qoyur. Prezident fakt və hadisələrin əsl doğru mahiyyətini açıb göstərərək bu tipli yazarlara sivil jurnalistika dərsi keçir. Bunun üçün Fransanın "Fiqaro" qəzeti ilə müsahibədən kiçik bir parçanı xatırlatmaq istəyirəm:

- "Sual: Onlar Gəncəni ona görə bombardman ediblər ki, Gəncədə Türkiyənin bir neçə F-16 qırıcı təyyarəsi var idi və bu F-16 qırıcı təyyarələrdən biri erməni təyyarəsini vurmuşdur. Onlar buna görə Gəncəni bombardman etdiyini deyirlər.

- Cavab: Bu, feyk xəbərdir. Düşünürəm ki, indi hər kəs bunun Ermənistan tərəfindən feyk xəbər olduğunu başa düşür. Türkiyənin F-16 qırıcı təyyarələri ona görə buradadırlar ki, toqquşmalar başlamadan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər və onlar yerdədilər, onlar səmada deyillər. Ermənistanın Su-25 təyyarəsi dağa çırpılmışdır və onlar bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışırdılar. Lakin bu, münaqişənin ilk günlərində, sentyabrda baş vermişdir. Ancaq onlar oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücum ediblər."

Prezident İlham Əliyev ABŞ-ın "Fox News" telekanalına müsahibəsi zamanı da bir sıra qərəzli suallara tutarlı cavabları ilə yadda qalmışdır. Müsahibə zamanı jurnalist dövlət başçımıza Qarabağda döyüşlərin guya ölkəmiz  daxilində sosial məsələlərdən, iqtisadi tənəzzül, korrupsiya, COVID-19-dan diqqəti yayındırmaq üçün istifadə edildiyi barədə fərziyyələr irəli sürüb. Ölkə rəhbəri cənab İlham Əliyev bu fərziyyələrin qətiyyən həqiqətə uyğun olmadığını bildirmiş və layiqincə cavabını vermişdir.

Azərbaycan Prezidentinin verdiyi müsahibələrdəki suallarda  ölkəmizə qarşı xüsusi qərəzlilik, faktları təhrifetmə, öz erməni sifarişçilərinə açıq- aşkar referans və jurnalist təkəbbürlülüyü açıq şəkildə hiss olunurdu. Lakin dövlətimizin başçısının parlaq məntiqi və incə diplomatik gedişləri qarşısında davam gətirə bilməyən özündənrazı jurnalistlər müsahibənin sonunda bu və ya digər vasitələrlə onun fitri istedadını və parlaq polemika qabiliyyətini təsdiqləməyə məcbur olurlar.

Erməni işğalı altında olan kənd və şəhərlərimizin gündən-günə daha intensiv şəkildə azad edilməsi, sülhə məcburetmə əməliyyatının yekin fazaya yaxınlaşması Prezidentimizin istər diplomatiya, istər ideologiya, istərsə də hərbi quruculuq sahəsində parlaq istedadının və  böyük səylərinin nəticəsidir. Azərbaycan xalqı qəti şəkildə əmindir ki, Prezidentimizin rəhbərliyi ilə Şuşaya qələbə bayrağının sancılacağı gün uzaqda deyildir.

Qarabağ Azərbaycandır!

Kəmaləddin Qafarov: Milli Məclisinin deputatı, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü.

Keçidlər