“Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir”
25 noyabr 2020 | 11:00
Sentyabrın 27-dən etibarən döyüşlər başladığı andan Ali Baş Komandan dəfələrlə işğalçı Ermənistanı sülhə dəvət edərək, işğaldakı ərazilərin cədvəl əsasında boşaldılmasını şərt kimi qoyurdu. Lakin düşmən Ermənistanın siyasi və hərbi rəhbərliyi bu döyüşlərin onlar üçün yaranacaq ağır nəticələrinə məhəl qoymayaraq öz təxribatlarına, işğala davam edirdi. Nəticədə 44 günlük Vətən müharibəsinin sonunda həm siyasi, həm də hərbi sahədə öz qətiyyəti və uzaqgörənliyi ilə dünya ictimaiyyətini heyran qoyan Ali Baş Komandanımızın düşmənə əvvəldən şərt qoyduğu məsələlər reallığa çevrildi. Düşmən kapitulyasiya aktına - üçtərəfli bəyanata imza çəkərək Ağdam, Kəlbəcər və Laçını öz əlləri ilə Azərbaycana təslim edəcəyini bildirdi. Noyabrın 20-də Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı.
Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. işğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər.
Prezident İlham Əliyev işğal altında olan torpaqlarımızı azad etməklə həmdə 17 il ərzində əldə olunan iqtisadi-siyasi inkişafın ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdə necə məharətlə tətbiq olunmasını göstərdi. Bundan sonra ki, mərhələdə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparılacaq və Ağdam rayonu da Azərbaycanın ən gözəl yerlərindən birinə çeviriləcək, artıq məcburi köçkün olmayan vətəndaşlarımız öz dədə-baba torpaqlarına geri qayıdacaqlar. Azərbaycan xalqı bu günləri böyük fəxr və sevinc hissi ilə yaşayır. Çünki, cənab Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz bizə qələbəni yaşadır! Eşq olsun cənab Ali Baş Komandana! Yaşasın Azərbaycan Ordusu!