Vətən müharibəsi şəhidi Mustafayev Elnur Nəcəf oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi
Soyad: Mustafayev
Ad: Elnur
Ata adı: Nəcəf
Doğum tarixi: 11.02.2002
Şəhid olub: 30.10.2020
Rütbə: Əsgər
Təltifləri:
Şəhid Elnur Nəcəf oğlu Mustafayev 9 fevral 2002-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası Kəlbəcərin Ağcakənd, anası isə Oruclu kəndindəndir.
Elnur kiçik yaşlarından idmanın güləş növü ilə məşğul olmağa başlayır. Güclü bədən quruluşu ona bu sahədə tez bir zamanda uğurlar qazanmağa imkan verir. O, yerli, həmçinin xarici (Türkiyə, İran, Dağıstan (Rusiya), Gürcüstan) yarışlarda iştirak edərək yüksək nailiyyətlər əldə edir. İran İslam Respublikasında, 2017-ci ildə Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr edilmiş turnirdə 1-ci yerə layiq görülür. O, evə gələrək böyük sevinc hissi ilə anasına deyir ki, "Ana, mən bu medalı Şəhidlərimiz üçün qazandım".
Nəhayət, Elnur 18 yaşı tamam olduqdan sonra 2020-ci il mayın 7-si hərbi xidmətə yollanır. 27 sentyabr 2020-ci il tarixində xain düşmənin növbəti təxribatından sonra şanlı Azərbaycan ordusu yağı düşmənə qarşı genişmiqyaslı əməliyyata başlayır. Elnur da ilk gündən müharibədə iştirak etməyə başlayır. Cəsarət və şücaəti ilə seçilən Elnur müxtəlif istiqamətlərdə, o cümlədən də Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Şuşa istiqamətindəki döyüşlərdə iştirak edir. Atası ilə telefon danışıqlarından birində içərisi düşmənlə dolu olan 2 maşını məhv etdiyini deyir. Sanki o, şəhid olacağını çox-çox əvvəldən hiss edirmiş və hər fürsətdə ailəsini buna hazırlayırdı.
30 oktyabrda Qırmızı Bazar istiqamətindəki şiddətli döyüşlərə qatılır. Şəhid silahdaşının döyüş meydanında qalan nəşini gətirərkən xain düşmənin gülləsinə tuş gələrək Şəhidlik zirvəsinə ucalır. 31 oktyabr 2020-ci il tarixdə Elnur böyük izdiham ilə Sulutəpədə yerləşən Şəhidlər məzarlığında torpağa tapşırılır.
Elnur Mustafayev Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
31 oktyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Mustafayev Elnur Nəcəf oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi.
Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Nicat Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bələdiyyələrin əməkdaşları iştirak etdilər.
Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin Qələbəni şərtləndirən əsas amil olduğunu qeyd etdi.
Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!