Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin təbriki

31 dekabr 2020 | 11:00

Hörmətli Binəqədililər!


2020–ci il arxada qalır. Bu il ölkəmiz üçün çətin sınaqlarla dolu, eyni zamanda  Zəfər ili olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla yürütdüyü daxili və xarici siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edərək siyasi nüfuzu, iqtisadi qüdrəti, hərbi gücü ilə nəinki regionda, bütün dünyada söz sahibinə çevrilmişdir. 
 

İlin əvvəlində dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən bütün tədbirlər ölkədə iqtisadiyyatın əksər sahələrinin inkişafına öz mənfi təsirini göstərə bildiyi halda ölkə başçısı xalqın mənafeyini hər şeydən üstün tutmuşdur.
 

2020-ci il həm də Azərbaycan üçün dünyada qürurverici il kimi tarixə yazılıdı. Ulu Öndər Heydər Əliyevin başlatdığı və Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi  məqsədyönlü islahatlar nəticəsində güclənmiş, müzəffər Azərbaycan ordusu tarix yazmış, işğal altında olan müqəddəs torpaqlarımızı düşməndən azad etmişdir. Bu gün Azərbaycan xalqının varlığı, mənliyi, qüruru olan üçrəngli bayrağımız əzəli yurd yerlərimizdə dalğalanmaqdadır. Şəhidlərimizin, ulu babalarımızın qanı yerdə qalmamış, xalqımızın torpaq həsrəti, məcburi köçkünlük sona çatmış, hər bir azərbaycanlının arzusu yerinə yetmişdir.
 

  44 gün ərzində davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı  və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız mənfur düşməndən  azad edildi. Ali Baş Komandan İlham Əliyevin çağırışına könüllü qoşulan rayonumuzun cəsur gəncləri də cəbhədə şücaət göstərərək adlarını Şanlı tarixə yazdılar. Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş oğullarımız arasında Binəqədi rayonunun da gəncləri var. Vətənin azadlığı, bütövlüyü yolunda canından keçmiş Şəhidlərimizə  Ulu Tanrıdan rəhmət, ailələrinə səbr diləyir, qazilərimizə tezliklə sağlıqlarına qovuşmağı arzu edirəm.
 

Hörmətli Binəqədililər, Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Qələbə müjdəli Yeni il münasibətilə təbrik edir, dövlətçiliyimizin möhkəmlənməsi, beynəlxalq aləmdə nüfuzumuzun yüksəlməsi və xalqımızın rifahı naminə görülən işlərdə Sizə uğurlar arzu edirəm.
 

  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun  gücü sayəsində xalqımızın yaşadığı ən şanlı, şərəfli və qürurverici tarixi Qələbə münasibəti ilə Sizi təbrik edir, işğaldan azad olunmuş torpaqlarımızda qurub-yaratmaq naminə gələcək fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm.
 

Qarşıdan gələn Yeni il bizləri yalnız xoş hadisələr və xəbərlərlə birləşdirsin! 
      

    Hörmətlə,
                                                                                                   Elxan Allahverdiyev

                                                                 Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı

Keçidlər