Avropalı gənclər Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatında oldular
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Avropa-Azərbaycan Gənclərinin Əməkdaşlığı” təşkilatı tərəfindən reallaşan “Azərbaycan və Avropa ölkələrinin gəncləri arasında əməkdaşlığın inkişafı” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan bir qrup avropalı gənc Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatında oldular.
Layihə çərçivəsində İspaniya, Estoniya, Gürcüstan, Türkiyə, Polşadan ölkəmizə gələn gənclər əvvəlcə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında oldular. Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qonaqlara Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun salamlarını çatdıraraq qonaqları İcra Hakimiyyətinin binası, eləcə də oradakı iş prosesi ilə tanış etdi. Bildirildi ki, Binəqədi Rayon İcra Hakimiyyəti öz fəaliyyətində ən son informasiya və kommunikasiya texnologiyalarından istifadə edir və vətəndaşlarla İcra Hakimiyyəti arasında maneəsiz ünsiyyət yaratmaq üçün xüsusi elektron xidmət olan 1646 telefon xidməti istifadəyə verilib. Həmçinin, Avropalı gənclərə Binəqədi rayonu və rayonda aparılan quruculuq və abadlıq işləri haqqında geniş məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Aparatının ən müxtəlif şöbələrində son texnologiya əsasında qurulmuş iş prosesi barədə məlumat verildikdən sonra bu gün Binəqədi rayonunda Bakının ən inkişaf edən rayonuna çevrilməsi üçün mühüm işlərin görüldüyü qeyd olundu.
Rayon İcra Hakimiyyətinin fəaliyyəti və iş prosesi ilə tanışlıqdan sonra qonaqlara “Virtual Qarabağa Səyahət” adlı qısametrajlı film nümayiş etdirildi. Qonaqlar Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü və ölkəmizdə 1 milyon məcburi köçkünün olması, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan diplomatik danışıqlar barədə məlumatlandırıldı.
Binəqədi Rayon İcra Hakimiyyətindən sonra avropalı gənclər Heydər Əliyev adına istirahət parkında oldular. Bildirildi ki, parkın qurulmasında ən son texnologiyadan istifadə edilib və park ən müasir işıqlandırma sistemi ilə təchiz olunub.
Sonra gənclər Yeni Azərbaycan Partiyasi Binəqədi rayon Təşkilatında oldu, partiyanın inzibati binasını ziyarət edərək, YAP Binəqədi rayon təşkilatında yaradılmış iş şəraiti ilə tanış oldular. Qonaqlara məlumat verildi ki, Təşkilatın inzibati binası 3 iyul 2013-cü ildə istifadəyə verilib. Qonaqlar partiyanın binasında yaradılmış kitabxana ilə tanış oldular. Avropalı gənclərə Ümumilli lider Heydər Əliyevin irsi, Yeni Azərbaycan Partiyasının 1992-ci ildə 21 noyabr tarixində qurulması, dahi lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi haqqında geniş məlumat verildi.
Azərbaycanın sürətlə inkişaf etdiyini və Azərbaycan xalqının çox qonaqpərvər xalq olduğunu, ölkəmizdə olmaqdan hədsiz qürur duyduqlarını bildirən Estoniyadan olan jurnalist Kirill Lindarau və Gürcüstandan olan Tamta Kenia onlara göstərilən diqqətə və verilən maraqlı məlumatlara görə Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon Təşkilatına öz minnətdarlıqlarını bildirdilər.