Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər bizim sabahımızdır

02 fevral 2021 | 11:00

Müəllifləri dahi Üzeyir Hacıbəyli və istiqlal şairimiz Əhməd Cavad olan 1919-cu ildə tərtib edilmiş “Azərbaycan marşı” 1992-ci il may ayının 27-də Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilmişdir. Artıq 29 ildir ki, biz hər gün bu möhtəşəm musiqini və sözləri ayaq üstə, qürurla dinləyir və oxuyuruq:

...Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz...

Bəli, Azərbaycan gənci, Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsində Vətən üçün, torpaq üçün, ərazi bütövlüyümüzün bərpası üçün “can verməyə hazır” olduğunu, “qan tökməyə qadir” olduğunu nümayiş etdirdi. Sanki onlar 30 ilə yaxın bir müddət ərzində Üzeyir bəyin yazdığı möhtəşəm musiqinin sədaları altında ərazi bütövlüyümüzün bərpasına, mənfur düşməni məhv etməyə hazırlaşırmışlar.

Biz 44 günlük Vətən müharibəsində, torpaqlarımızı düşmən tapdağından azad etmək üçün “minlərlə can qurban” verdik, minlərlə igid oğullarımızın “sinəsini hərbə meydan” etdik. Ancaq tarix yazdıq, şanlı tarix, Zəfər tarixi. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın 30 ildən bəri bizə ağrılar, acılar yaşadan Qarabağ probleminin həlli ilə əlaqədar Şərəf günü - Zəfər gününü Azərbaycan “Tarix Kitabına” qızıl hərflərlə həkk elədi.

Bu il yanvar ayının 14-15-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Şuşa şəhərinə səfər etdi. Şuşada olarkən Cənab Prezident istər Azərbaycan, istər Ermənistan, istərsə də beynəlxalq ictimaiyyətə çox önəmli mesajlar verdi. Bu mesajlar adi mesajlar deyildi, hamsı çox ciddi, əhəmiyyətli və gələcəyə istiqamətlənmiş hədəflər idi.

Onlardan biri də Azərbaycan gəncliyinə ünvanlanmışdı:
“Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi.”

Azərbaycan Respublikasının Prezidenri, Ali Baş Komandan Cənab İlham Əliyev və müzəffər Azərbaycan Ordusu Qarabağla bağlı uzun illərdən bəri bizə miras qalmış taleyüklü, ağır bir problemi gələcək nəsillərə ötürmədi, həll etdi. Bu hadisə dövlətimizin, dövlətçiliyimizin, xalqımızın və hər birimizin həyatında misli görünməmiş bir hadisədir.

İndi Vətən müharibəsindən sonrakı dövrdə qarşımızda, xüsusilə gənclərin qarşısında daha mühüm və böyük vəzifələr durur. Bu vəzifələrin əsas hissəsi yenə də Qarabağla, onun dirçəldilməsi ilə bağlı olacaqdır. Düşmənlərimiz və onların havadarları ilə diplomatik müstəvidə mübarizə davam edir. Düşmənlə informasiya mübarizəsində bir an belə sayıqlığımızı itirməməliyik.

Bu gün Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla aparılan Gənclər siyasəti, son 17 ilin uğurları və 44 günlük Vətən münaribəsində gənc Azərbaycan əsgərinin qələbəsi əminliklə deməyə əsas verir ki, gənclər gələcəkdə də üzərlərinə düşən vəzifələrin öhdəsindən uğurla gələcəklər.


Bayramınız mübarək olsun əziz gənclər!


Ramiz Göyüşov,
YAP Binəqədi rayon təşkilatının sədr

Keçidlər