Şriftin ölçüsü :

Saytın rəngi :

"..Bu gün Azərbaycan gəncliyi döyüş meydanında böyük şücaət və qəhrəmanlıq göstərməklə yanaşı, informasiya savaşında da öz bilik və bacarıqlarından istifadə edib qələbənin reallaşmasına töhvə verdi".

02 fevral 2021 | 11:00

Bu gün Azərbaycan gəncliyi “2 Fevral - Gənclər Günü”nü ötən illərdən fərqli olaraq tamamilə yetkinləşmiş, sınaqlardan keçmiş və ölkənin uğurlu sabahını təmin etmək üçün öz sözünü demiş bir gənclik kimi qeyd edir. 2018-ci ilin fevral ayının 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında Prezident İlham Əliyev “Gənclər Günü” münasibəti ilə təbriklərini çatdıraraq, gənclərə mühüm tövsiyə və tapşırıqlarını vermişdi. Xüsusilə, gənclərin vətənpərvərlik ruhunda yetişmələrinin zəruriliyini qeyd edərək, müasir dövrdə gənclərimizin əsas vəzifələrinin müstəqilliyimizi möhkəmləndirmək olduğunu vurğulamış, gənclərə öz inamını və dəstəyini bəyan edərək, onlara uğurlar arzulamışdı.

Qürurla və fəxrlə bildirmək lazımdır ki, Azərbaycan gəncliyi iki ildən sonra onların ən böyük dəstəkçisi olan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında tam şəkildə, kimliyindən asılı olmayaraq bu müqəddəs yola səfərbər olundu və üzərinə düşən tapşırığı layiqincə yerinə yetirdi. Azərbaycan vətənpərvər və yüksək zəkalı gəncliyə sahib olan bir ölkədir. Gənclər döyüş meydanında böyük şücaət və qəhrəmanlıq göstərməklə yanaşı, informasiya savaşında da öz bilik və bacarıqlarından istifadə edib qələbənin reallaşmasına töhvə verdi. Cənab Prezident Şuşaya son səfəri zamanı gənclərin Vətən Müharibəsində qələbənin qazanılmasında böyük zəhməti və payı olduğunu vurğuladı. Xüsusilə qeyd etdi ki, son 17 ildə Azərbaycanda yetişən gəncliyin artıq 27-32 yaşı var. Əslində bu Azərbaycan gənclərinə artıq yeni bir mesaj idi, yəni artıq yetkinləşmiş gənclik ölkənin bundan sonrakı inkişaf mərhələsinə səfərbər olunmalı, ölkəmizi daha da işıqlı sabaha aparmalıdır.

Bizi daha da məsuliyyətli və əzmlə çalışmağı tələb edən bir dövr gözləyir. Yeni mərhələdə gənclər öz potensiallarını ölkənin gələcək inkişafına, onun güclənməsinə yönəldəcək. Bu şərəfli və müqəddəs yolda gənclərə uğurlar arzu edirəm! “2 Fevral - Gənclər Günü”nüz mübarək!

Fəsli Nəbiyev,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri

Keçidlər