Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinin (1646) rəsmi internet saytı istifadəyə verildi

24 dekabr 2013 | 11:00

Yerli icra hakimiyyəti orqanları arasında ilk olaraq Binəqədi Rayon İcra Hakimiyyətində rayon sakinlərinin qarşılaşdığı problemlərin həll edilməsi istiqamətində operativ tədbirlər həyata keçirmək, vətəndaşlara göstərilən xidmət səviyyəsini yüksəltmək və bütün bu məsələləri əlaqələndirmək üçün Sakinlərin Müraciət Xidməti yaradıldı və 6 fevral 2013-cü il tarixindən istifadəyə verildi.
Fəaliyyətə başladığı dövrdən bu günə kimi Sakinlərin Müraciət Xidmətinə 18 000-dən artıq müraciət daxil olub və daxil olan şikayətlərin 95 %-i öz həllini tapıb. Sakinlərin xidmət haqqında məlumatlılığı artdıqca daxil olan müraciətlərin də sayı artmaqdadır. Məhz bu baxımdan, eyni zamanda Azərbaycanda internet xidmətlərinin yayılma səviyyəsi cəmiyyətin həyatına dərindən nüfuz etdiyini və ölkə əhalisinin 70%-dən çoxunun internet istifadəçisi olduğunu nəzərə alaraq xidmətin elektron saytı yaradıldı (bineqedi-1646.az).
Sayt 7 əsas menyudan ibarətdir (1646, Sakinlərin nəzərinə, Xəbərlər,  Qanunvericilik, Faydalı məlumatlar və Bizimlə əlaqə).
İlk menyu olan 1646 menyusu vasitəsilə istifadəçilər xidmət haqqında – xidmətin yaranma tarixi, məqsədi, fəaliyyət istiqamətləri və prinsipləri, xidmətə necə müraciət etmək haqqında, saytın ümumi xəritəsi ilə tanış ola biləcəklər.
Digər menyu olan Sakinlərin nəzərinə menyusunda vətəndaşların məlumatlandırılması üçün zəruri məlumatlar olacaqdır ki, xüsusən də Elanlar altmenyusu vasitəsilə rayon ərazisində kommunal xidmətlərin verilməsində baş vermiş fasilələr barədə məlumatlar bu altmenyuda öz əksini tapacaqdır.
Saytın yaradılmasında digər bir məqsəd isə şikayətlərin onlayn rejimində göndərilməsi imkanının yaradılmasıdır ki, istifadəçi Xidmətlərimiz bölümünə daxil olaraq adını, soyadını, ünvanını və digər zəruri məlumatları qeyd edir və şikayətin məzmununu formalaşdırır və sistem müraciətdəki məlumatların düzgünlüyünü yoxlayaraq istifadəçiyə şikayət nömrəsi göndərir.
Şikayətçi sistem tərəfindən ona verilən nömrə vasitəsilə şikayətin icra vəziyyətini yoxlaya bilir.
Bundan başqa vətəndaşlar Sual-cavab bloku vasitəsilə bazaya əlavə edilmiş hazır sual və cavablarla tanış ola biləcək, Sual ver altbölməsi vasitəsilə isə yeni suallarını ünvanlaya biləcəklər.
Xəbərlər bölməsində respublikamızda və rayonumuzda keçirilmiş tədbirlər barədə məlumatlar öz əksini tapacaqdır.
Digər bölmələr olan Qanunvericilik bölməsi vasitəsilə Azərbaycan Respublikasının Konstitusiyası, Məcəllər, Qanunlar , Fərman və Sərəncamlarla tanış ola biləcək, Faydalı məlumat bölməsində isə dövlət orqanlarının saytları, qaynar xətt nömrələri və yerli təşkilatların ünvanları və telefon nömrələri, kommunal tariflər barədə və digər zəruri məlumatlar əldə edə biləcəklər.
Bizimlə əlaqə bölməsində rayonun elektron xəritəsi və rayon icra hakimiyyətinin digər rekvizitləri barədə məlumatları öz əksini tapacaqdır.

Keçidlər