Şriftin ölçüsü :

Saytın rəngi :

“Binəqədi şəhidləri: Həsənov Nurlan Nadir oğlu - Şəhidlərimizi tanıyaq və tanıdaq!”

08 fevral 2021 | 11:00

Nurlan Nadir oğlu Həsənov 1991-ci il mayın 19-da Şuşa şəhərində anadan olub. O, ailənin ilk övladı idi. 1-ci Qarabağ müharibəsindən sonra, öz doğma torpaqlarından didərgin düşmüş və məcburi köçkün kimi Bakıda məskunlaşmışdılar.

1997-ci ildə Bakıda Şuşa şəhər 3 nömrəli tam orta məktəbə daxil olub, 2008-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurmuşdu. 2008-2012-ci illərdə Azərbaycan Texnologiya Universitetinin “İnzibati idarəetmə“ ixtisası üzrə təhsil almışdı. Nurlan hər zaman vətənpərvərliyi, mərdliyi, əsl kişi xarakteri ilə çoxlarından fərqlənirdi. Nurlan Həsənov 2012-ci ildə  Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətli leytenant kimi Gəncədə “N” sayli hərbi hissədə xidmət çəkib və 2014-cü ildə ehtiyyatda olan zabit kimi təxris olunub. Və nəhayət, Nurlan da minlərlə cəsur oğullarımız kimi 2020-ci il sentyabrın 21-də könüllü olaraq təlimlərə qoşulub, sentyabrın 27-də Ermənistanın işğalı altında olan doğma ərazilərimizin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində iştirak edib.

Füzuli və Cəbrayıl istiqamətində döyüşlərdə fəal iştirak edən Nurlan: “Ana, məndən narahat olmayın, burda hər şey yaxşıdı, Şuşanı almağa gəlmişəm”- deyirdi. 

Oktyabrın 1-də Füzuli istiqamətində qəhrəmancasına şəhid olub.

Oktyabrın 2-də Bakı şəhərində, yaşadığı  Biləcəri qəbristanlığında torpağa tapşırılıb.

Nurlanın  Nurgül adlı qızı və Məhəmməd adlı oğlu yadigar qalıb.

Qəlbi Şuşa həsrətilə döyünən Şəhidimizin indi müqəddəs ruhu Şuşamızın səmalarını dolaşır.

Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən ogullarımızın ruhları qarşısında baş əyirik!

 

Keçidlər