Binəqədi rayonu yeni ilə hazırlaşır
2014-cü ilin gəlişinə respublikamızın bütün bölgələrində hazırlıq işləri aparılır, yolkalar qurulur. Bayram əhval-ruhiyyəsi Bakının Binəqədi rayonunun prospekt, küçə və meydanlarında, park və xiyabanlarında da hiss olunur. Rayon ərazisində tərtibat və bəzək işləri aparılır. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında, Zərifə Əliyeva adına parkda, Biləcəri mədəniyyət və istirahət parkında, Corce Enesku parkında, Bakı-Sumqayıt yolunda, rayonun bütün qəsəbələrində və digər ərazilərdə yolkalar quraşdırılıb. Həmçinin, Azadlıq prospekti və Bakı-Sumqayıt yolu boyunca təbii ağaclar işıqlandırılıb.
Bayramın yüksək səviyyədə təşkili və keçirilməsi üçün Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanıb. Həmin plana müvafiq olaraq, rayonun müxtəlif ərazilərində yerləşən parklar yolka və digər bayram atributları ilə bəzədilir. Bundan başqa, Tədbirlər Planına əsasən, dekabrın 27-dən etibarən hər gün rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında rayon sakinləri üçün bayram şənlikləri təşkil olunur. Parkda qurulmuş yolka möhtəşəm görünüşü ilə rayon sakinlərinin bayram ovqatını daha da yüksəldir.
Yeni il şənliklərinin yüksək səviyyədə təşkili, sakinlərin rahatlığının və təhlükəsizliyinin təmini məqsədilə bayram günlərində parkın işıqlandırma sistemi də xüsusi diqqət mərkəzində saxlanılacaq. Bayramla əlaqədar parkda əlavə dekorasiyalar və bayram atrubutları da quraşdırılıb.
Bundan əlavə rayonun ayrı-ayrı ərazilərində quraşdırılmış elektron lövhələr vasitəsilə sakinlərə Binəqədi Rayon İcra Hakimiyyətinin bayram təbriki çatdırılacaq.
Bütün görülən işlərin əsas məqsədi şəhər sakinlərinin bayram əhval-ruhiyyəsinə xoş ovqatlar qatmaqdır.