Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yeni təyinatlar: Mənəfov Səməndər Müqamət oğlu

03 mart 2021 | 11:00

”Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının aparatında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılmışdır. Yeni yaradılmış şöbənin müdiri vəzifəsinə 2016-cı ilin aprel döyüşlərində torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda şərəfli döyüş yolu keçmiş Səməndər Müqamət oğlu Mənəfov təyin edilmişdir.

Səməndər Müqamət oğlu Mənəfov 16 avqust 1990-cı ildə Kürdəmir rayonu Xınıslı kəndində anadan olmuşdur. 1996-cı ildə Xınıslı kənd  A.Məmmədov adına tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2004-cü ildə təhsilini C.Naxçıvanski adına hərbi liseydə davam etdirmişdir. 2007-ci ildə liseydə təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2011-ci ildə leytenant rütbəsi alaraq Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində təhsilini təkmilləşdirmişdir.

2012-ci ildə N saylı hərbi hissənin tağım komandiri vəzifəsinə təyin olunmuş, həmin ili  avqust ayında isə Xüsusi Təyinatlı Qüvvələrin xüsusi kursunu keçdikdən sonra xidmətini Xüsusi Təyinatlı qüvvələrdə qrup komandiri olaraq davam etmişdir.

2014-cü ildə baş-leytenant rütbəsinə yüksəldikdən sonra Pakistan İslam Respublikasında  “Antiterror”, Türkiyə Respublikasında “Sərbəst Paraşüt” kursunlarını bitirmiş  və digər ölkələrdə təlimlərdə iştirak etmişdir.

2016-cı il aprel döyüşlərində ağır yaralandığı üçün ordu sıralarından tərxis edilmişdir.

2017-ci ildən Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində ilk öncə laboratoriya rəisi, daha sonra isə müəllim vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə, 2016-cı ildə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı, 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” (1918-2018), Azərbaycan Respublikasının yubiley medalı ilə, düşmən təxribatının qarşısını alarkən döyüşlərdə uğurlu əməliyyatına görə 2014-cü ildə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.

Keçidlər