Binəqədi rayon şəhidi Arəstə Baxışovanın ailəsi ziyarət edildi
07 mart 2021 | 11:00
8 Mart - “Beynəlxalq Qadınlar Günü” ərəfəsində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov və YAP Binəqədi rayon təşkilatı aparatının rəhbəri Sevinc Abdullayeva Vətən müharibəsinin yeganə qadın hərbiçi şəhidi Arəstə Baxışovanın ailəsini ziyarət etdilər.
Müstəqil Azərbaycanımızın qazandığı bütün uğurlarda igid oğullarımız ilə yanaşı qadınlarımızın da xidmətləri əvəzsizdir. Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır. Şəhidimizin anası Məktubə xanıma belə bir qəhrəman övlad böyütdüyünə görə təşəkkürünü bildirən Sevinc Süleymanova, şəhidimizin övladları- Mərdan və Zəhranın təhsili ilə maraqlanmış, onlara rayon rəhbərliyinin hər zaman şəhid ailələrini diqqət mərkəzində saxlayaraq bu ailələrin problemləri ilə yaxından maraqlandığını söyləmişdir. Arəstə Baxışova öz şücaəti ilə Azərbaycan xanımının incə və zərif həyatı ilə yanaşı hərb sahəsində də uğurlu olduğunu və yeri gələndə qəhrəman oğullarımızla yanaşı dayana bildiyini bir daha sübut etdi.
Şəhidimizin anası ailənin problemlərinin həllinə və nəvələri Zəhra və Mərdanın təhsilinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və eyni zamanda aidiyyəti qurumlara ailəsi adından öz təşəkkürünü bildirdi.
Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub. Baxışovlar ailəsində 3 uşaq olub — 2 qardaş və 1 bacı. Onun atası — baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb. Dörd yaşı olanda atası vəfat edib. Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb.
Arəstə Baxışova ailəli idi, Mərdan adında bir oğul və Zəhra adında bir qız anası idi. Silahlı Qüvvələrin Hospitalında tibbi statist vəzifəsində, daha sonra isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində çalışıb.
Azərbaycan Ordusunun çavuşu olan hərbi tibb qulluqçusu Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Allah Şəhidlərimizə rəhmət eləsin!