Şəhid əsgər Əmirli Əmirşahın ailəsi ziyarət edildi
09 mart 2021 | 11:00
Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.
Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Şəhidlik zirvəsinə hər insan yüksələ bilməz. Bu zirvəyə yol ancaq Vətəni, Torpağı, Milləti canından artıq sevməkdən keçir. Bu bir Ulu Yoldur. Onlar məhz bu cür seçilmişlər idi və adlarını Vətənimizin, dövlətimizin tarixinə qızıl hərflərlə yazmaq kimi bir şərəfə nail oldular.
Bu gün belə seçilmişlərdən dünyaya göz açdığı gündür. Cənnətdəki ilk doğum günün mübarək nur üzlü şəhidimiz!
Əmirli Əmirşah Səttar oğlu 8 mart 2002-ci ildə Bakı şəhərinin Binəqədi rayonunda anadan olmuşdur. 2008-ci ildə 306 saylı tam orta məktəbin 1-ci sinifə daxil olmuş, 7-ci sinifdən sonra təhsili dini kollecdə davam etmişdir.
Əmirli Əmirşah 2020-ci ilin aprel ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə yollanmışdır. 28 oktyabr 2020-ci ildə Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına ən uca zirvə -Şəhidlik zirvəsinə ucalmışdır.
Əmirşah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, YAP Binəqədi rayon Təşkilatının əməkdaşları, İcra Hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərid Cəfərov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin direktoru Ələkbər Mustafayev və Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova və digər əməkdaşlar şəhidimiz Əmirli Əmirşah Səttar oğlunun doğum günü münasibəti ilə onun məzarını və ailəsini ziyarət etdilər.
Allah şəhidlərimizə rəhmət eləsin!