Azay Quliyev: "...Qurultayda qəbul olunan qərarlar cənab Prezident tərəfindən idaərəetmədə və siyasi münasibətlərdə həyata keçirilən islahatlar silsiləsinin uğurlu davamıdır."...
Yeni Azərbaycan Partiyasının martın 5-də keçiridiyi VII qurultayı və Qurultayda cənab Prezidentin çıxışı sözün əsl mənasında tarixi hadisəyə çevrilməklə yanaşı, son günlərin siyasi gündəminin əsas mövzusunu təşkil edir.
Qurultay ona görə tarixi hadisə hesab olunur ki, burada qəbul olunan qərarlar cənab Prezident tərəfindən idaərəetmədə və siyasi münasibətlərdə həyata keçirilən islahatlar silsiləsinin uğurlu davamıdır.
Partiyada baş vermiş yeniliklər və struktur dəyişikliyi Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbənin nəticələrini, ictimai-siyasi sabitliyi və milli birliyi sona qədər qorumaq və torpaqlarımızı işğaldan azad etdikdən sonra yaranmış yeni dövrdə bu üstünlükləri daha da möhkəmləndirmək zərurətindən qaynaqlanır: "Yeni dövrün əsas göstəriciləri sırasında digər faktorlarla, yanaşı siyasi dialoqun və siyasi institutlar arasında sivil münasibətlərin ön plana çıxması Azərbaycanın milli maraqlarının etibarlı şəkildə qorunması və strateji hədəflərinə çatması üçün dövlət başçısının bundan sonra ölkə daxilində həyata keçirəcəyi siyasətin yeni konturları kimi qiymətləndirilməlidir.
Bugünkü siyasi dialoqun üstünlüyü və unikallığı ondadır ki, bu dialoqun müəllifi Azərbaycan Prezidentidir, onu dəstəkləyən isə antimilli şurada toplanan bir qrup marginalları nəzərə almasaq, ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalardır.
Azərbaycan tarixində belə bir siyasi dialoqun ilk dəfə baş tutmasının səbəbi həm də odur ki, bu proses heç bir kənar müdaxilə olmadan, xarici ölkələrin və ya beynəlxalq qurumların ssenarisi olmadan həyata keçirilir, sosial sifariş kimi hamı tərəfindən qəbul olunur.
Məhz bu yanaşma öllkəmizdə demokratiyanın inkişafına, iqtisadi azadlıqların daha da genişlənməsinə nail olmaq və qarşımızda duran milli vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün hakimiyyətə əlavə güc və stimul verir.
Nəticədə biz milli həmrəyliyin və siyasi konsensusun yeni mərhələsinin şahidi oluruq, 6 siyasi partiya gələcək siyasi hədəfləri ilə hakim partiyanın siyasi hədəfləri arasında heç bir fərq görmədiyinə görə YAP-a birləşir, QHT sektorunda, siyasi-ictimai və mədəni mühitdə formalaşmış şəxslər YAP-ın İdarə Heyətində yer alır, Azərbaycanın ən nüfuzlu və qocaman hüquq müdafiəçiləri Şöhrət ordeni ilə təltif olunur.
Bütün bunlar ölkəni vaxtilə dağılmaqdan və məhv olmaqdan xilas edən Ulu Öndər Heydər Əliyevin dövlətçilik məfkurəsinin layiqli davamçısı olan cənab İlham Əliyevin müasirləşdirdiyi, inkişaf etdirdiyi və bütövləşdirdiyi Azərbaycanda qurmaq istədiyi yeni siyasi münasibətlər sisteminin önəmindən və prinsipial xarakter daşımağından xəbər verir.
Əminəm ki, bütün bunlar Azərbaycanın daha güclü olması və beynəlxalq aləmdə daha çox nüfuza və etimada sahib olması üçün yeni imkanlar yaradacaqdır.
Azay Quliyev,
8 saylı Binəqədi birinci Seçki Dairəsindən
Azərbaycan Respublikası Milli Məclisinin deputatı