Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə “Mənimlə danış” yeniyetmə və gənclər arasında sosial-psixoloji maarifləndirmə mövzusunda vebinar
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə 16 mart 2021-ci il tarixdə “Mənimlə danış” yeniyetmə və gənclər arasında sosial-psixoloji maarifləndirmə mövzusunda vebinar keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə aparıcı məsləhətçisi-psixoloq Orxan Əliyev, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Məişət zorakılığı ilə mübarizə üzrə sektor müdiri Vəfa Ələkbərova, Komitənin aparıcı məsləhətçisi Xəyalə Əsgərli, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva, Mərkəzin uzman psixoloqu Gülnarə Muxtarova, Binəqədi rayon orta ümumtəhsil məktəblərin psixoloqları və orta məktəb şagirdləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev açaraq tədbir iştirakçılarını salamlayaraq tədbirin mahiyyəti haqqında geniş məlumat verdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək, təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsinin, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsinin, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolunun vacibliyi barəsində geniş məlumat verərək, yeniyetmə və gənclərə aidiyyəti qurumların daim dəstək olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Son zamanlar yeniyetmə və gənclər arasında artan intihar hallarının azalması üçün maarifləndirmə işlərinin, müəyyən problemlərlə üzləşən yeniyetmələrə zamanında psixoloji dəstəyin göstərilməsinin, həmçinin, psixi pozuntularla bağlı güclü sarsıntı yaşayanların psixiatr və psixoloqlara vaxtında müraciət etmələrinin vacibliyini diqqətə çatdırdı və bu işin hər zaman rayon rəhbərliyinin və aidiyyəti dəstək qurumlarının diqqət mərkəzində olduğunu vurğuladı.
Sonra “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva çıxış edərək, yeniyetmə və gənclərin bu günkü psixoloji durumu haqqında məlumat verərək belə tədbirlərin vaxtında və mütəmadi keçirilməsinin vacibliyindən bəhs etdi. Təranə xanım valideyn-övlad münasibətlərini qeyd edərək bildirdi ki, bir çox ailələrdə valideynlər övladlarına qarşı şiddət və zorakılıq tətbiq edir. Yeniyetmələrdə özgüvən faktorunun vacibliyini vurğulayan Təranə xanım bu işdə valideynlərlə yanaşı psixoloqların da yeniyetmələrə dəstək olmasının vacibliyini faktlarla əsaslandırdı. O, gənclərə səslənərək bütün problemlərinin həlli yollarında valideynlərlə birlikdə məktəb psixoloqlarından, peşəkar psixoloqlardan da məsləhət almağı tövsiyə etdi.
Daha sonra, “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzini uzman psixoloqu Gülnarə Muxtarova, Binəqədi rayon 83 saylı məktəb-liseyin psixoloq müəlliməsi Aynur Məmmədova, Binəqədi rayon 100 saylı orta məktəbin psixoloq müəlliməsi Təranə Vəliyeva çıxış edərək sözügedən problemlərin həlli yolları üçün ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumatlar verdilər.
Sonda tədbir iştirakçıları yeniyetmələri maraqlandıran sualları cavablandırdılar.