“Azərbaycan müasir beynəlxalq koordinatorlar sistemində: diplomatik uğurlar, problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib
28 dekabr 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında “Azərbaycan müasir beynəlxalq koordinatorlar sistemində: diplomatik uğurlar, problemlər və perspektivlər” movzusunda konfrans keçirilib.
Konfrans Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Azərbaycan Gənc Diplomatlar Birliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Milli Məclisin deputatları - Musa Qasımlı, Aydın Mirzəzadə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev, siyasi elmlər doktoru, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, Azərbaycan Gənc Diplomatlar Birliyinin baş məsləhətçisi Elman Nəsirli, Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov, YAP Binəqədi rayon təşkilatının əməkdaşları və müxtəlif universitetlərdən olan gənclər iştirak ediblər.
Tədbiri moderator qismində idarə edən Elman Nəsirli konfrans iştirakçılarını salamlayaraq tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova təşəkkür edib. O, Azərbaycan Gənc Diplomatlar Birliyinin fəaliyyəti haqqında danışaraq konfransın mövzusu barədə qonaqları məlumatlandırıb.
Tədbiri açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bildirib ki, ölkəmizin uğurlu gələcəyinin təmin olunmasında Azərbaycan gəncliyinin rolu və xidməti danılmazdır. O bildirib ki, bugünkü tədbirin, məhz burada keçirilməsi heç də təsadüfi deyil, çünki dövlət gənclər siyasətinin ən parlaq nümayəndələri Binəqədi gəncləridir. Azərbaycanın bugünkü uğurlu xarici siyasətinin səbəbkarı ümummilli lider Heydər Əliyevdir. Əldə edilmiş uğurların və nailiyyətlərin əsasında onun yürütdüyü ardıcıl və məqsədyönlü siyasət dayanır. Hazırda bu uğurlu siyasət cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov çıxış edərək Azərbaycanın beynəlxalq arenada nüfuzunun günü-gündən artmasından danışdı. O qeyd etdiki, bu gün ölkəmiz uğurlu diplomatiya nümayiş etdirir.
Sonra çıxış edən Milli Məclisin deputatı, professor Musa Qasımlı “Azərbaycanın xarici siyasətində varislik, innovativlik və dinamizm” adlı məruzəsində diplomatiyamızın uğurlarından birinin də Prezident İlham Əliyevin xarici dövlətin hərbi bazasının Azərbaycandan çıxarılmasına nail olmasının olduğunu bildirdi. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan bu gün heç bir ölkənin hərbi baza və obyektinin olmadığı və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan bir dövlətə çevrildiyi qeyd edildi.
Millət vəkili, siyasi elmlər namizədi Aydın Mirzəzadə “Azərbaycanın enerji diplomatiyası yeni mərhələdə” adlı məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycan sırf ölkənin milli dövlətçilik mənafeyinə və maraqlarına əsaslanan, müstəqil siyasət yürüdür. Son dövrlərdə Azərbaycanın bir sıra layihələri artıq beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır. Şahdəniz-2 müqaviləsindən danışan Aydın Mirzəzadə qeyd edib ki, bu müqaviləni artıq XXI əsrin müqaviləsi adlandırırlar. Millət vəkili bildirib ki, son 10 il tarixçilər tərəfindən inkişafımızın qızıl dövrü kimi yüksək qiymətləndirilməlidir.
XİN-in mətbuat katibi Elman Abdullayev “Azərbaycanın BMT TŞ-nın üzvü kimi fəaliyyəti və onun nəticələri” mövzusuna toxunaraq qeyd edib ki, Azərbaycan 2011-ci ilin oktyabrda 193 üzvdən 155-nin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. O bildirdi ki, Azərbaycanın uğurlu sədrliyi təbii ki, BMT TŞ-nın tarixində silinməz iz buraxıb. 2 illik üzvlük dövrü Azərbaycan diplomatiyasında önəmli dövr idi. Biz Təhlükəsizlik Şurasının iclaslarında Ermənistan-Azərbaycan münaqişəsini dəfələrlə qabarda bilmişik.
Sonra tədbirdə çıxış edən Prezident yanında Gənclər Fondunun nümayəndəsi Vüsalə Niftəliyeva son illər əldə olunan diplomatik uğurlar haqda danışıb və qeyd edib ki, bu uğurların əsasında ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır. Bu gün bu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən uğrurla davam etdirilir.
Tədbirdə çıxış edən Gənc Diplomatlar Birliyinin İdarə Heyətinin üzvləri Əbülfəz Şeydabəyov və Əlimərdan Sultanov təşkilatın xarici əlaqələrindən danışaraq, hazırda MDB və Yaxın Şərq ölkələrində təşkilatın nümayəndəliklərinin olduğunu, Gənc Diplomatlar Birliyinin xaricdəki analoji təşkilatlarla birgə layihələr həyata keçirmək niyyətində olduğunu bildiriblər. Qeyd olunub ki, təşkilat xarici əlaqələrin genişlənməsinə xüsusi diqqət göstərir.
Konfransın sonunda tədbir və layihə iştirakçılarına Fəxri Fərman və sertifikatlar təqdim edilib.