Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Zəfər salnaməsinin başlanğıcı olan Aprel döyüşlərinin qəhrəmanı - şəhid Qurbanlı Fəxrəddin Seyfəddin oğlu!

02 aprel 2021 | 11:00

Aprel döyüşləri tariximizin şanlı və şərəfli səhifəsidir. Ordumuzun zabit və əsgərləri həmin döyüşlərdə böyük hünər və rəşadət göstərdilər və qəhrəmanlıqları ilə tarix yazaraq ən uca Zirvə - Şəhidlik zirvəsinə ucaldılar!

Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Azərbaycan torpaqları erməni daşnaklarının təcavüzünə məruz qalandan bu günə kimi xalqımızın vətənpərvər övladları, yaşından asılı olmayaraq, ana Vətənin harayına səs verərək ölümün gözünə dik baxdılar! Belə şərəfli ömür sahiblərindən biri də Fəxrəddin Qurbanlıdır!

Fəxrəddin Seyfəddin oğlu Qurbanlı 1994-cü ildə Bakı şəhərinin Binəqədi rayonunda dünyaya göz açmışdı. Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə orta təhsilini başa vurmuşdu.

2011-ci ildə Azərbaycan Universitetinin "Sosial iş" ixtisasına qəbul olmuş, əlaçı və nümunəvi tələbə kimi kollektivin yaddaşında iz qoymuşdur. “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi, “SOS” Uşaq Kəndləri, UAFA (United Aid For Azerbaijan - Azərbaycana birgə yardım) kimi təşkilat və layihələrdə könüllü kimi fəalliyyət göstərmişdi.

2015-ci ildə "Sosial iş" fakültəsindən məzun olaraq elə həmin ilin iyul ayında hərbi xidmətə yollanmışdır. 2016-cı il aprel ayının ilk günlərində təmas xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olmuşdur. Sabunçu rayon Pirşağı qəsəbəsindəki kənd qəbiristanlığında dəfn edilmişdir.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər