Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz Tacir Mehdi oğlu Əhmədov!

20 aprel 2021 | 11:00

Şəhidlik zirvəsinə yüksələnlərin  ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Azərbaycan torpaqları erməni daşnaklarının təcavüzünə məruz qalandan bu günə kimi xalqımızın vətənpərvər övladları, yaşından asılı olmayaraq, ana Vətənin harayına səs verdilər, ölümün gözünə dik baxdılar!  Belə şərəfli ömür sahiblərindən biri də Tacir Əhmədovdur. Bu gün Şəhidimizin dünyaya göz açıdığı gündür.

Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Tacir Mehdi oğlu Əhmədov 20.04.2001 tarixində Kürdəmir rayonu Qarabucaq kəndində dünyaya göz açmışdı. 4 yaşına qədər bu kənddə yaşamış, daha sonra ailəsi ilə birgə Binəqədi rayonuna köçmüşdülər. Orta təhsilini Binəqədi rayonu 182 nömrəli məktəbdə başa vurmuşdu. Azərbaycan Ordusunun əsgəri olan Tacir Əhmədov 2020-ci il sentyabrın 27-də düşmən tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatları və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Tacir Əhmədov oktyabrın 20-də Xocavənd döyüşləri zamanı şəhid olub. Binəqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən “Vətən Müharibəsi Şəhidlərinin Xiyaban Kompleksi”ndə böyük xalq izdihamı ilə dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tacir Əhmədov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, İcra Hakimiyyəti başçısının Binəqədi Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Qadir Məmmədov, YAP Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin sədr müavini Anar Əliyev və birliyin fəalları, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin direktoru Ələkbər Mustafayev, Binəqədi qəsəbə Bələdiyyəsinin sədr səlahiyyətlərini müvəqqəti icra edən Rəşad İsayev, Binəqədi qəsəbə Bələdiyyəsinin sədr müavini Mətanət Nəsibova və digər əməkdaşlar şəhidimiz Tacir Mehdi oğlu Əhmədovun doğum günü münasibətilə məzarını və ailəsini ziyarət etdilər.

Vətənimiz uğrunda canından keçən Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Keçidlər