Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz Tural Şahin oğlu Qarayev!

29 aprel 2021 | 11:00

Azərbaycan tarixən müxtəlif faciələrlə, fəlakətlərlə üz-üzə qalmışdır. Lakin cəngavər Vətən övladları bütün bu fəlakətləri, faciələri böyük mərdliklə, qəhrəmanlıqla dəf edərək doğma Azərbaycanımızı bu günümüzə qədər gətirib çıxarmışlar. Doğma Azərbaycanımız da cəsur, mərd oğullarımızın adı ilə hər zaman fəxr etmiş, onların adlarını daim uca tutmuşdur. Bu gün xalqımızın qəhrəman övladlarından biri Tural Qarayevin dünayaya göz açdığı gündür.

Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Tural Şahin oğlu Qarayev 1991-ci il aprel ayının 29-da Bakının Binəqədi rayonunun 28 May qəsəbəsində anadan olmuşdur. 1997-ci ildə Bakı şəhəri 274 saylı tam orta məktəbin I-ci sinifinə qəbul olmuşdur. 2008-ci ildə məktəbi bitirdikdən sonra çox qısa bir müddət çalışıb və 2009-cu ildə həqiqi hərbi xidmətə yollanmışdır. Bir müddət xidmət etdikdən sonra Gürcüstanda  “NATO”nun Sülhməramlı kontingentinə qatılmış və xidmətini orada davam etmişdir. Sonrakı aylarda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün keçirilən testlərdə iştirak etmiş və qəbul olunmuşdur. Xidməti müddət ərzində keçirilən təlimlərdə layiqincə borcunu yerinə yetirmişdir.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Tural Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən əks hücum əməliyyatı məqsədi ilə başlamış Vətən müharibəsində Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Tural Qarayev oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Qobustan rayonunun Bəklə kəndində böyük xalq izdihamı ilə dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi və şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qarayev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, İcra Hakimiyyəti Başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərid Cəfərov, Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova və digər əməkdaşlar şəhidimiz Tural Şahin oğlu Qarayevin doğum günü münasibəti ilə  ailəsini ziyarət etdilər.

44 günlük Vətən müharibəsində şanlı Qələbəmiz, Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, igid əsgər və zabitlərimizin canı-qanı bahasına əldə olundu. Minlərlə can qurban oldu ki, müqəddəs Vətən torpağı yağı əsarətindən qurtulsun. Şəhidlərimizin başımız üzərindəki müqəddəs ruhları qanadlı mələyə çevrilib böyük sevgi ilə dolanır azad olan torpaqlarımızda.

Ruhları qarşısında baş əyirik!

Keçidlər