Binəqədi rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş “Azərbaycanda gənclər siyasəti: varislik, müasirlik və gələcəyə baxış” adlı onlayn tədbir keçirilmişdir
30 aprel 2021-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş “Azərbaycanda gənclər siyasəti: varislik, müasirlik və gələcəyə baxış” adlı onlayn tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və aparatın şöbə müdirləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Regional məsələlər Komitəsinin üzvü Səbinə Xasayeva, İslahatçı Gənclər İctimai Birliyinin təsisçisi və sədri, Avrasiya universitetlər birliyinin gənc səfiri “editior.az” baş redaktoru Fərid Şahbazlı, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Anar Əliyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustayev, rayon gəncləri və şagirdlər iştirak edirdilər.
Tədbir iştirakçıları tərəfindən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova bildirdi ki, Ulu Öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Bu gün ölkəmizdə hər bir sahədə - hərbi, təhsil, siyasi, iqtisadi və digər bütün sahələrdə təmsil olunan gənclərin, onların qazandığı uğurların, nailiyyətlərin hər biri ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün də bu diqqət və qayğı ən yüksək səviyyədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir.
“Bu günümüzün təsis olunması, ümumiyyətlə, müstəqil Azərbaycanda məqsədyönlü gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır” - deyən ən gənc millət vəkillərindən biri olan Səbinə Xasayeva əlavə etdi ki, gəncliyimizin inkişafına yönələn bu siyasət bu gün dövlət başçısı tərəfindən çox yüksək səviyyədə davam etdirilir. Ona göstərilən etimadı yüksək qiymətləndirən natiq çıxışında bildirdi ki, Azərbaycan gəncliyi daim dövlətçiliyin yanında olub, bundan sonra da öz fəaliyyəti ilə ona göstərilən etimadı doğrultmağa çalışacaq.
Daha sonra Fərid Şahbazlı – “Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam artıb. Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar” - deyə çıxışını davam etdirdi.
Sonda çıxış edənlər - “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşı Mahmud Məmmədzadə, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin fəal gənci Dilarə Eyvazova və Binəqədi rayon Gənclər və İdman İdarəsinin fəal gənci Firuzə Məmmədova “Bu gün ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycan gənci Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazırdır” dedilər.
Tədbir gənclərin müzakirəsi ilə davam etdi.