Binəqədi Rayon İcra Hakimiyyətinin kollektivi “Hərbi Qənimətlər Parkı”nı ziyarət etdilər
18 may 2021-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri - Vüsar İsmayılov, Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov və İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, RİH başçısının qəsəbə və sahə inzibati dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri “Hərbi Qənimətlər Parkı”nı ziyarət etdilər. Ziyarət zamanı kollektiv parkda olan eksponatlarla yaxından tanış oldu.
12 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda “Hərbi Qənimətlər Parkı”nın açılışı olmuşdur. Azərbaycanın Vətən müharibəsində Şanlı Qələbəsinin rəsmiləşməsindən bir gün sonra – noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu söyləmişdir. Dekabrın 10-da Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirilmişdir. Eyni zamanda, Prezident İlham Əliyev “Hərbi Qənimətlər Parkı”nın salınması haqqında təşəbbüs irəli sürmüşdür. Çox qısa zamanda görülən genişmiqyaslı işlər sayəsində açıq səma altında nadir park salınmışdır.
Qeyd edək ki, parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə, 300-dən çox eksponat, o cümlədən, 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.
Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən, döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən
Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin qalıqları var.
“Hərbi Qənimətlər Parkı” gələcək nəsillərin tariximizi daha yaxından öyrənməsinə imkan verəcək bir tarixi məkandır.