Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “28 May - Respublika Günü”nə həsr olunmuş “Cümhuriyyət” adlı onlayn intellektual turnir keçirilmişdir

27 may 2021 | 11:00

27 may 2021-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “28 May - Respublika Günü”nə həsr olunmuş “Cümhuriyyət” adlı onlayn intellektual turnir keçirilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova,   Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi rayon Gənclər və İdman  İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, orta ümumtəhsil məktəblərinin direktorları, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, mədəniyyət müəssisələrinin, ictimai birliklərin rəhbərləri, rayon gəncləri və Binəqədi rayonunda fəaliyyət göstərən məktəblərdə təhsil alan yuxarı sinif şagirdləri turnirin gedişatını  izləyirdilər.

Turnirdə vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra turniri giriş nitqi ilə açıq elan edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova  çoxəsrlik dövlətçilik tarixində Azərbaycan Cümhuriyyətinin yaranmasının  əlamətdar hadisə olduğunu və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən birini təşkil etdiyini bildirərək, Azərbaycan Cümhuriyyətinin yaradılmasının və milli dövlət quruculuğunun bərqərar edilməsinin xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb etdiyini, turnirin keçirilməsinin gənclərimizin dünyagörüşünün artırılması, tariximizin dərindən araşdırılması və öyrənilməsi baxımından vacibliyini vurğulayaraq, komandalara uğurlar arzu etdi.

Binəqədi rayon Gənclər və İdman  İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev çıxış edərək bildirdilər ki, “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından ötən 103 il ərzində ölkəmizdə gedən ictimai-siyasi prosesləri təhlil edərkən görürük ki, Azərbaycanımız müstəqilliyə gedən yolda gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və digər sahələrdə   tarixi uğurlar əldə etmişdir.”

Qeyd edək ki, turnir “ZOOM” platforması üzərindən onlayn formatda, münsiflər heyətinin iştirakı ilə həyata keçirildi. Komandalar birlikdə, yarışın izləyiciləri isə individual qoşularaq yarışı izləyirdilər. 

Turnirdə Binəqədi rayon gənclərindən ibarət 4 komanda (“1918”, “Respublika”,  “Cümhuriyyət”, “İstiqlal” komandaları) yarışırdılar. Yarışda verilən suallar Azərbaycan Cumhuriyyətinin yaranması və süqutuna qədər olan tarixi dövrü əhatə edirdi. Cavablar komandalar tərəfindən nəzarətçilərin müşaiyətilə 1 dəqiqənin sonunda cavablandırılırdı.

Binəqədi rayon Əsəd Ələsgərov adına 244 nömrəli tam orta məktəbin 8-ci sinif  şagirdi Şəbnəm İskəndərova, Bakı Dövlət Universitetinin tələbəsi “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin könüllüsü Nihad Əliyev, YAP Binəqədi Rayon Gənclər Birliyinin fəal gənci Yeganə Cavadova turnirin gedişatında fasilə zamanı müəyyən aralıqlarla çıxış edərək Xalq Cümhuriyyətinin tarixindən maraqlı məlumatlar paylaşdılar.  

Sonda, 26 suala düzgün cavab verərək “Respublika” komandası I yerin, 24 suala düzgün cavab verərək “İstiqlal” komandası II yerin, 23 suala düzgün cavab verərək “Cumhuriyyət” komandası III yerin sahibi oldular.

Turnirdə yer tutan və fərqlənən komandalar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq dərəcəli “Diplom” və “Təşəkkürnamə” ilə mükafatlandırılacaqlar.

Turnirin sonunda 276 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim Bəhram Şiriyev qalib komandaları təbrik edərək, bu kimi turnirlərin və intelektual yarışların əhəmiyyətindən bəhs etdi. Tədbirin təşkilatçılarına təşəkkür edən Bəhram Şiriyev həmçinin əlavə etdi ki, belə təqdirəlayiq tədbirlər gənclər arasında Azərbaycan tarixini dərindən  öyrənməyi və tarixi həqiqətlərimizin dünyaya çatıdırılmasında bilvasitə iştirak etməyi təbliğ edir.

 

Keçidlər