Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi polkovnik-leytenant Ruslan Fuad oğlu Tağıyevin doğum günüdür.
"Bir gün ölsəm, Şəhid olacam..." bu sözlərin sahibi Vətən uğrunda öz canından, qanından keçən şəhid qəhrəmanımız polkovnik-leytenant Ruslan Fuad oğlu Tağıyevdir.
Bu gün Şəhidimizin dünyaya göz açıdığı gündür.
Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Tağıyev Ruslan Fuad oğlu 12.06.1982-ci ildə İsmayıllı rayon Qubaxəlilli kəndində dünyaya göz açmışdı.
1999-2003 cü illərdə Heydər Əliyev Adına Azərbaycan Ali Hərbi Məktəbində kursant olmuşdu. 2003-cü ildə hərbi məktəbi müvəffəqiyətlə bitirərək, 2004-cü ildə Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda “N” saylı hərbi hissədə 5-ci tabor kəşfiyyat tağım komandiri kimi hərbi xidmətə başlamışdı. 2005-ci ildə Naxçıvan M.R. Kəngərli rayonu “N” saylı hərbi hissəsində kəşfiyyat bölük komandiri vəzifəsinə irəli çəkilir. 2010-2012 ci illərdə Naxçıvan M.R. Culfa rayonunda “N” saylı hərbi hissədə Kəşfiyyat bölmə rəisi vəzifələrini icra etmişdi. 2012-2014-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında dinləyici olmuşdu. 2014-2017-ci illərdə Şəmkir rayonu “N” saylı hərbi hissədə kəşfiyyat şöbə rəisinin baş köməkçisi, 2017-2020 ci illərdə “N” saylı hərbi hissəsində 1-ci idarəsinin 1-ci şöbəsinin baş zabiti vəzifəsində çalışmışdı. Naxçıvanda qulluq edərkən Günnüt əməliyyat planının hazırlanması və icra olunmasında iştirak etmiş və nəticədə 500m*2000m ərazini bir gecənin içində düşməndən azad edilməsi əməliyyatında şücaət göstərmiş və fəaliyyətinə görə vaxtından əvvəl ona kapitan rütbəsi verilmişdi. 2019-cü ilin fevral-avqust aylarında Çin Xalq Respublikasında təkmilləşdirmə kursunu bitirmişdi. Növbəti arzusu Türkiyədə ATASEREN-də (Milli Savunma Universitesi) doktorantura təhsilini almaq idi və bununla bağlı imtahanlardan da keçmişdi. Oktyabr ayında təhsilə başlayacaqdı, lakin bu arzusu ona qismət olmadı. Tale arzularını başa çatdırmasına imkan vermədi.
Müharibə başlayanda Ruslan Tağıyev artıq polkovnik-leytenant idi. Tağıyev Ruslan Fuad oğlu 04.11.2020-ci ildə Vətən müharibəsində Laçın istiqamətindəki döyüşlərdə ürəyindən aldığı qəlpə yarasından şəhid oldu. Hər zaman qəlbində vətənpərlik hissi ilə yaşamış, bu yolda öz canını da qurban vermişdi və son nəfəsində isə tək istəyi son bir dəfə övladlarının qoxusunu nəfəsinə çəkmək idi. Özündən geriyə isə 3 övladı- 12 yaşlı Fuad, 8 yaşlı Polad və 3 yaşlı Nurayı bizə əmanət qaldı.
Şəhidimiz 2-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ruslan Tağıyev Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Doğmalarının və döyüş yoldaşlarının şəhidimiz haqqında dedikləri.
Döyüş yoldaşı Babək Mürsəlov qəhrəman şəhidimiz haqqında xatirələrini, düşüncələrini belə ifadə edir: “Döyüşdə ən çox qoxduğum bir məqam var idi . Bəziləri üçün təəccüblü gələ bilər, döyüş və qorxu kəlimələri necə yan-yana ola bilərki?
Bəli mən həqiqətən qorxurdum...
Komandirimi itirməkdən çox qorxurdum, o komandir ki, o peşəkar kəşfiyyatçı, sahəsini yüksək səviyədə bilən komandirim Ruslan Fuad oğlu Tağıyev idi.
Komandirimin xırda bir fəaliyəti haqqında xalqımızı məlumatlandırmaq istəyirəm. Düşmən Hadrutun məhşur Çaylaqqala kəndində bizə qarşı hücuma hazırlaşırdı, Ruslan Tağıyev də özü ilə götürdüyü əsgərlərlə birlikdə düşmənin hərəkətliliyini müşahidə edir və onlara hədiyyə etmək üçün yeni kordinant hazırlayırdı. Qısa bir zaman ərzində kordinantı hazırladı və rabitədə qəbulda cavabını aldıqdan sonra, kordinantı “Qril bişirənlərə” ötürdü. Ani bir vaxtda Çaylaqqalaya endirilən zərbə nəticəsində düşmənin çox sayda canlı qüvvəsi, silah-sursat dolu texnikası o cümlədən ağır artileriya qurğuları Ruslan Tağıyev tərəfindən məhv edildi.”
Atası Fuad Tağıyevin söhbətlərindən: “Ruslan hələ məktəbdə oxuduğu illərdə hərbi oyunlara tez-tez qatılar və hər zaman da qalib gəlib birinci olmaq arzusu ilə yarışardı. Ruslan sərrast atış üzrə məktəblilər arasında yarışda üçüncü yeri tutduğu gündən artıq qəti qərarını verdi - ''Mən hərbiçi olacağam''.
Ruslana ən böyük təsir Polad Həşimovun ölümü oldu. Məzuniyyətdə olsa da aramızda kölgə kimi gəzirdi. Polad Həşimovun qəhrəmanlıqlarından danışardı. O deyirdi ki, generalımızın qisasını almalı və torpaqlarımızı düşmən işğalından azad etməliyik.”
Anası Lətifə Tağıyevanın xatirələri: “Ruslan deyirdi ki, mən ölən şəhidlərimizə qibtə eləyirəm, insan üçün bundan daha şərəfli bir ölüm yoxdur. Bizə hər zaman hazırlıqlı olun deyərdi. Döyüş yoldaşları deyirdi ki, həmişə özü öndə, əsgərləri arxasınca gedərdi.”
Həyat yoldaşı Günay Tağıyevanın xatirələri: “Ruslan evə gəldikdə ilk işi uşaqlarının təhsili ilə maraqlanmaq olurdu. Uşaqlarını gəzdirməyi, onlarla vaxt keçirməyi çox sevərdi. Təbiəti çox sevərdi. Ən böyük arzusu övladlarını Vətənə layiqli böyütmək idi. Uşaqlar atalarının ölümünü məndən daha mətanətlə qarşıladılar. Mən özümdə bir kədər hiss edəndə onlar məndən daha cəsur, daha mərd davranırlar. Ən son vidalaşıb gedəndə oğlunu qucaqlayıb “Evimiz sənə əmanətdir”- dedi. 39 günlük müharibədə əvvəlcədən dediyi sözlərlə sanki məni şəhidlik xəbərinin gələcəyinə hazırlayırdı.”
Oğlu Polad Tağı: “Atam həmişə deyirdi ki, oxuyun savadlı olun və bacınız ilə xoş davranın ki, o sevinsin”.
Vətənimizin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda ölümü gözə alan Ruslan ailəsi ilə bir neçə saatlıq son görüşündə ''Məndən nigaran olmayın. Mən ya qalib gələcəyəm, ya şəhid olacam. Şəhid verməyən xalqın mənliyi olmaz, şəhid qanı axmayan torpaqdan Vətən olmaz'' -deyərək vidalaşıb.
Xidməti müddətində Ruslan Tağıyev həmçinin bir çox mükafatlarla təltif olunub:
• III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı
• III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
• II dərəcəli "Qüsursuz xidmətə görə" medalı
• "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
• "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
• "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, İcra Hakimiyyəti Başçısının Binəqədi Sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov, Binəqədi rayon Bələdiyyəsinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin direktoru Ələkbər Mustafayev, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin fəal gəncləri şəhidimiz Ruslan Fuad oğlu Tağıyevin doğum günü münasibəti ilə məzarını və ailəsini ziyarət etdilər.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!