Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Hüseynov Həci Kərim oğlunun doğum günüdür.

12 iyun 2021 | 11:00

Zaman-zaman igidlərimizi itirdik. Vətən savaşında, minlərlə şəhid verdik. XX əsrin sonlarından bu günədək işğalçı Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi davam etmişdir. Düşmənə boyun əyməyən şəhidlərimizin adları xalqımızın Qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı. Adını qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan biri də Həci Hüseynovdur.

Bu gün Şəhidimizin dünyaya göz açıdığı gündür.

Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Şəhid Hüseynov Həci Kərim oğlu 12 iyun 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini 2004-2015-ci illərdə Bakı şəhəri Binəqədi rayonu Zakir Məmmədov adına 103 nömrəli tam orta məktəbdə almışdır. Orta təhsilini bitirdikdən sonra 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına qoşularaq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında "N" saylı xidmət edən Həci 2016-cı ilin yanvar ayında xidmətini başa vurmuşdur. Bundan sonra O, müxtəlif  sahələrdə iş təcrübəsi qazanmışdır. Belə ki, tikinti, avtomexanika  və s. sahələrdə çalışmışdır. 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədində, mənfur düşmənin Tovuz istiqamətində döyüş əməliyyatlarını intensivləşdirməsi və nəticədə ordumuzun şəhidlər verməsi onun üçün qəbuledilməz olur. Xüsusilə də, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olması onun qəzəbinin və mili qürur hissinin məntiqi sonluğu nəticələnir, Həci könüllü orduya yazılır. Vətən müharibəsi başlanan ilk günlərdən Həci könüllü kimi yenidən ordu sıralarına qoşulur. Müddətli həqiqi hərbi xidmət keçən zaman sürücü vəzifəsində  xidmət edən Həci Vətən müharibəsində də eyni vəzifəni tutur. O, cəbhənin Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və digər istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, böyük şücaət və hünər göstərmişdir. Belə ki, yoldaşları onu “canavar” ləqəbilə çağırırdılar. Əsgər Hüseynov Həci Kərim oğlu 23 oktyabr 2020-ci ildə  cəbhənin Füzuli  istiqamətində hərbi qulluqçuların  daşındığı yük maşınını idarə edərkən minaatan atəşi nəticəsində  şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid əsgər Hüseyn Həci Kərim oğlu “Vətən uğrunda”, ”Xocavəndin azad olunması uğrunda” medalları ilə təltif olunmuşdur.

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Binəqədi Rayon İcra Hakimiyyətinin İcra Hakimiyyəti Başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Xocəsən Bələdiyyəsinin və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin sədri və fəal gəncləri, YAP Binəqədi rayon Təşkilatının Gənclər Birliyinin fəalları, Həci Kərim oğlu Hüseynovun doğum günü münasibətilə məzarını ziyarət etdilər.

Vətənimiz uğrunda canından keçən Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Allah rəhmət eləsin!

Keçidlər