Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını daim diqqət mərkəzində saxlayır
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Quliyev Mirzə Məcid oğlu 11 yanvar 1974-cü ildə Bərdə rayonunun Saatlı kəndində anadan olub. 1991-ci ildə Saatlı kənd orta məktəbini bitirib, həmin ildə Mingəçevir şəhərindəki 39 saylı texniki peşə məktəbində qaynaqçı peşəsinə yiyələnib.
1992-ci ildə hərbi xidmətə çağırılıb. Naxçıvan MR-nın Sədərək rayonu ərazisində RDM-də tuşlayıcı-atıcı kimi döyüşə başlayıb, Batabat ərazisində gedən döyüşdə vuruşub.1993-cü il 28 iyulda Ağdam bölgəsinə göndərilib, döyüşlərdə iştirak edib. Daha sonra Füzuli, Ağdərə, Tərtər bölgələrində gedən döyüşlərdə iştirak edib.
PDM-lə düşmənin bir neçə tankını və canlı qüvvəsini məhv edib.Öz vətənpərvərlik borcunu layiqincə yerinə yetirmiş M.Quliyev 1995-ci il 15 yanvarda Prezidentin fərmanı ilə "Hərbi xidmətə görə" medalı ilə təltif olunub. M.Quliyev 1995-ci ildə Polis akademiyasının qiyabi şöbəsinə daxil olub.1997-ci ildə Bakı şəhər baş Polis İdarəsinin Çevik Polis Alayında polis nəfəri kimi fəaliyyətini davam etdirib. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Mirzə Məcid oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
2003-cü ildə M.Quliyevə leytenant rütbəsi verilib. Nəsimi rayon 20-ci polis bölməsində müvəkkil vəzifəsinə təyin edilib. Hazırda isə Bakı Şəhər baş Polis İdarəsinin əməkdaşı kimi fəaliyyət göstərir. Ailəlidir, 3 övladı var.
Yanvarın 14-də Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsinin müdiri Aqil Eyvazov və şöbənin əməkdaşı Milli Qəhrəman Mirzə Quliyevin evində olublar. Milli Qəhrəmanın ailəsi ilə görüşən rayon icra hakimiyyətinin əməkdaşları icra başçısı Xaləddin İsgəndərovun adından yazılmış təbrik məktubunu və hədiyyəni M.Quliyevə təqdim ediblər. Təbrikdə bildirilib ki, M.Quliyevin vətənimizin müdafiəsi naminə keçdiyi şərəfli döyüş yolu hər bir azərbaycanlı və xüsusilə gələcəyimiz olan gənc nəsil üçün bir örnəkdir: “Hörmətli Mirzə müəllim! Sizin simanızda vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi rəşadət göstərərək torpaqlarımızın düşmən tapdağından müdafiəsində sinəsini sipər etmiş qəhrəman həmvətənimizi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyimiz naminə görəcəyiniz bütün işlərdə müvəffəqiyyətlər arzu edirəm”.
Görüşdə Mirzə Quliyev keçdiyi döyüş yolundan və möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin Milli Qəhrəmanlara diqqət və qayğısından danışdı. Həmçinin, 40 illik yubileyi münasibətilə göstərilən diqqətə görə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova dərin minnətdarlığını bildirdi.