Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Bayramov Ruslan Telman oğlunun doğum günüdür.
Sən sağ olasan, Vətən! Şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Balaca məktəblidən bir dəfə soruşulanda ki, şəhidlik nədir? Tərəddüd etmədən dedi ki, şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. Ürəyi
Vətən eşqi ilə döyünən igidlərdən biri də Ruslan Bayramov. Bu gün onun doğum günüdür!
Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Bayramov Ruslan Telman oğlu 15 iyun 1996-cı ildə Bakı şəhərində anadan olmuşdu. 2002-ci ildə 179 saylı tam orta məktəbdə natamam orta təhsilini başa vurmuşdu.Ağcabədi rayonu ərazisindəki “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurduqdan sonra müxtəlif aralıqlarla özəl müəssisələrdə çalışmışdı.
2020-ci il sentyabr ayının 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırılmış və O, sentyabrın 30-da ən uca Zirvəyə- Şəhidlik zirvəsinə ucalmışdır. Oktyabrın 1-i Binəqədi qəsəbəsi ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ruslan Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Doğmalarının və döyüş yoldaşlarının şəhidimiz haqqında dedikləri:
Atası Bayramov Telman: “Sentyabr ayının 21-dən təlimlərdə iştirak edirdi. Bu müddət ərzində 3 gün danışmaq şansımız oldu. Sonuncu dəfə danışanda dedi “Ata, bizi bölgələrə aparırlar” Dedim, oğlum gedin, yolunuz açıq olsun. Ondan sonra əlaqə saxlaya bilmədik. Sentyabrın 30-u şəhid xəbəri gəldi. Oktyabrın 1-i isə dəfn elədik. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.”
Müəlliməsi Vəfa Əhmədova: “Şəhidlik zirvəsinə ucalan hər bir Vətən övladı kimi Ruslan da sanki Vətən üçün doğulmuşdu, elə Vətən üçün də ölümsüzlüyə qovuşdu. Bir müəllim kimi hər zaman şagirdlərimizə vətənin müqəddəsliyini və onu sevərək qorumağı aşılayırıq ve məktəb illərində öz vətənpərvərliyi ilə seçilən şagirdlərimiz yaddaşımızda xüsusi iz buraxır. Ruslan da belə şagirdlərdən olmuşdu. Onun haqqında deyə bilərəm ki, sevimli şagirdim kimi xatirimdə qalan Ruslan nümunəvi davranışı, mülayim, sakit xarakteri ilə digər şagirdlərdən seçilirdi. Həqiqətən də onun həssas qəlbində vətəninin keçilməz olduğu hissini yaşatması və öz əməlində bunu sübut etməsi bu gün nə qədər kədərli olsa da şagirdimi fəxr hissi ilə anmağıma əsas verir. Nur içində yatan neçə-neçə igidimiz kimi Ruslanımız da bizim qürur və and yerimizdir. Ruhun şad olsun Şəhidim!”
Dostu ( iş yoldaşı) – Qurbanlı Səbuhi Gülbaba oğlu:
“Ruslan yaxın iş yoldaşım idi. Onun haqqında çox şey danışmaq olar. Kollektiv içində çox mehriban və gülərüz idi. Ən xoşlamadığı hadisə kiminsə ona yalan danışması idi. Sonuncu dəfə dedi ki “Gedib gələcəm, onda rahat deyib güləcəyik”. Biz də kollektiv olaraq Ruslanı gülərüz yola saldıq. Biz onun Şəhid xəbərini eşidəndə inana bilmirdik. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allahdan şəfa, ailələrinə səbr diləyirəm. “
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, İcra Hakimiyyəti Başçısının Binəqədi Qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Qadir Məmmədov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin direktoru Ələkbər Mustafayev, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin fəal gəncləri və Binəqədi qəsəbə Bələdiyyəsinin sədr səlahiyyətlərini icra edən Rəşad İsayev və Bələdiyyənin sədr müavini Mətanət Nəsibova və digər əməkdaşlar şəhidimiz Ruslan Telman oğlu Bayramov doğum günü münasibətilə məzarını və ailəsini ziyarət etdilər.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!