Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi əsgər Şərifov Turan Vidadi oğlunun doğum günüdür.
44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdılar. Bu gün Vətən torpaqları tam olsun deyə Şəhidlik adlı zirvəni bir göz qırpımında fəth edən igid oğullarımızdan biri Turan Şərifovun doğum günüdür!
Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Turan Vidadi oğlu Şərifov 20 iyun 2001-ci ildə Bakı şəhərində dünyaya göz açmışdı. 135 nömrəli Əliağa Şıxlinski adına tam orta məktəbdə orta təhsilini almışdı. Beynəlxalq Çerkass Dövlət Texnologiya Universitetinin 1-ci kurs tələbəsi və ixtisasca iqtisadçı idi.
Şəhid Şərifov Turan Gəncə şəhəri "N" saylı hərbi hissədə əsgər idi. 27 sentyabr 2020-ci ildə müharibənin ilk günündən döyüşlərdə fəal iştirak edib. Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərləri istiqamətində 40 gün və son olaraq 5 Noyabr 2020-ci ildə Laçın şəhərində qəhrəmancasına döyüşərkən düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlmişdir.
Turan həm də xanəndə, musiqiçi idi. Gitara, saz, tar, pianino, balaban, qaval kimi musiqi alətlərini tam düzgün və sərbəst ifa edirdi. İlk oxuduğu mahnı “Sarı gəlin” və “Qarabağ şikəstəsi” idi. 8 yaşında anası tərəfindən kəşf edilərək Füzuli şəhər 2 nömrəli uşaq incəsənət məktəbini də bitirib . 23 aprel 2013-cü ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Füzuli rayon uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin “Xanəndəlik” ixtisası üzrə keçirilən müsabiqədə iştirakına görə “Fəxri Fərman”la təltif edilib. Sonra 2014-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Binəqədi Rayon orta ümumtəhsil məktəbləri arasında keçirilən "Azərbaycan səninlədir-sənsiz deyil" dördüncü yaradıcılıq festivalında iştirak edib. İştirakına görə də “Fəxri Fərman”la təltif olunub.
Eyni zamanda, Turan Füzuli şəhərində 2014-cü il iyun ayında uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin “xanəndənlik” ixtisası üzrə Xan Şuşinski adına 2-ci Respublika Muğam Festivalında uğurlu çıxış etdiyinə görə “Fəxri Fərman”la təltif edilib. Həmişə fəxrlə deyirdi ki “İnşAllah Qarabağı mən alacam. Qəhrəman olacam.”
Şərifov Turan Vidadi oğlu 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid əsgər Turan Vidadi oğlu Şərifov “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Doğmalarının və doslarının şəhidimiz haqqında dedikləri:
Qardaşı Şərifov Tural: “Turan uşaqlıqdan diqqətcil idi. Həm də zarafatcıl. Heç vaxt bilərəkdən heç kəsin xətrinə dəyməyib. Düşünmədən iş görməzdi. Mən onun böyük qardaşıyam amma o mənim böyüyümmüş kimi hiss edirdim. Bir iş görəndə onunla məsləhətləşərdim. Ürəyim sıxılanda "Ürəyini sıxma, həmişə sənin yanındayam." deyərdi. Hələ kiçik yaşlarından Qarabağın adı dilindən düşməzdi. O həm də musiqiçi idi. İlk oxuduğu mahnılar "Qarabağ Şikəstəsi”, "Sarı Gəlin" olub. Qardaşımın musiqiçi olmasında ən böyük səbəbkar, artıq özü yanımızda olmasa da qəlbimdə olan anam idi. Turanın səsinin musiqiyə uyğun olduğunu o kəşf etdi. Sonra Turan 8 yaşında anamın təşəbbüsü ilə Bakıda yerləşən Füzuli şəhər 2 nömrəli uşaq incəsənət məktəbinə daxil oldu. Bir çox tədbirlərdə iştirak edib. Şəxsən özüm də o tədbirlərdə tamaşaçı qismində iştirak etmişəm. Arada iş yerimə gələrdi. O cür iş stresinin içində gəlib bir xırdaca zarafat etdiyi an onun gülüşünü gördüyümdə nə yorğunluq qalırdı, nə də stres.
Son telefon danışığımızda müharibədən elə danışırdı ki - gülə-gülə, ruh yüksəkliyi ilə, elə bil kino çəkməyə gedib. Qarabağı aldılar canları ilə. Bunları danışdıqca, qardaşımın şəklinə baxdıqca o anı yaşayıram. Elə bil yanımdadı. Daha sonra gözümü şəkildən çəkəndə reallıqla üzləşirəm. Həyatda olmadığını dərk edirəm və sonra... Sonrası mənə qalsın. Allah bütün şəhidlərimizin Şəhadətini qəbul etsin.”