Binəqədi rayonunda “Sağlam həyat naminə narkotikə yox” mövzusunda tədbir keçirildi
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 26 İyun-“Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü“nə həsr edilmiş Sağlam həyat naminə narkotikə yox!” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Binəqədi rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi Namiq Acalov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəsissəsinin direktoru Ələkbər Mustafayev, rayonun fəal gəncləri iştirak edirdilər.
Tədbir iştirakçılarının məktəblilərin narkomaniya mövzusunda çəkdikləri rəsmlərlə tanışlığından sonra tədbiri giriş nitqi ilə açan Sevinc Süleymanova bildirdi ki: “Ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı. Azərbaycan Respublikasında aidiyyəti qurumlar narkomanlığa, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bugün də uğurlu mübarizə aparır. Bu mübarizədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2007–2012-ci illər üçün Dövlət Proqramı”nın, 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nın, 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın müvəffəqiyyətlə icra olunması bu sahədə uğurlu nəticələrin əldə edilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir.”
Daha sonra, çıxış edənlər Tanrıverdi Aydınov, Namiq Acalov, Rauf Zeyni narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdılar. Onlar problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu, bildirdilər. Həmçinin bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu xüsusilə vurğuladılar.
Tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “802” Qaynar Xəttinə dair videoçarxın nümayişi və zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edildi və tədbir gəncləri maraqlandıran sualları təşkilatçılar tərəfindən ətraflı cavablandlrmaqla müzakirə formatında davam etdi.
Keçid üçün:
https://modern.az/az/news/295849/bineqedide-saglam-heyat-namine-narkotike-yox-deyildi