Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi polkovnik-leytenant Nəcəfov Cəmil Nəcəf oğlunun doğum günüdür.

24 iyun 2021 | 11:00

44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdılar. Bu gün Vətən torpaqları tam olsun deyə Şəhidlik adlı zirvəni bir göz qırpımında fəth edən igid oğullarımızdan biri Cəmil Nəcəfovun doğum günüdür!

Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Nəcəfov Cəmil Nəcəf oğlu 1993-cü ildə Bakı şəhərində dünyaya göz açmışdı. 1997-ci ildən 2007-ci il tarixinə kimi Hikmət Hüseynov adına 83 nömrəli məktəb-liseydə təhsil almışdır. Dəcəl, mehriban, təvazökar gözləri həyat eşqi ilə alışıb yanan bu oğlan qısa müddətdə həm müəllimlərinin, həm də sinif yoldaşlarının sevimlisi olmuşdu. Bu dəliqanlı, yerə göyə sığmayan oğlanın peşə seçimi də bizi təəccübləndirmədi. Hərb yolunu seçdi. Bu yol onu Naxçıvanski adına Ali  Hərbi məktəbə apardı. Qısa müddətdə baş leytenant rütbəsinə qədər ucaldı. Çünki bu yolda o dayanmırdı. Fərəhindən yerə göyə sığmırdı Cəmil Nəcəfov. Qarabağı  1993-cü il təvəllüdlü əsgərlərimiz alacaq deyirdi Cəmil. Ali Baş Komandanın verdiyi əmrə bənd idi, atdı özünü Qarabağ döyüşlərinə. Düşmənin mövqelərini məhv etdikcə aslana dönürdü igid qəhrəmanımız. Düşmənə olan qəlbindəki nifrəti, kini silahı ilə susdururdu. Düşmən mövqelərini darmadağın edib irəlilədikçə aslana dönürdü Cəmil. Cəbrayıl uğrunda gedən şiddətli döyüşdə oktyabrın 10-da Vətən eşqi ilə ürəyi döyünən igid qəhrəmancasına həlak olur. Ürəyinin son döyüntüsünü də eşidən elə Qarabağ torpağı olur. Aprel döyüşlərinin iştirakçısı 27 yaşlı Cəmil Nəcəfovun 44 günlük Vətən müharibəsinə yollanmasını ailəsi iki gündən sonra bilib. Təlim adı ilə evdən çıxan Cəmil bir neçə gündən sonra ailəsinə zəng edərək, “Hər şey yaxşıdır, mənə görə narahat olmayın, söyləyib.”

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid baş leytenant Cəmil Nəcəfov “Qarabağ ordeni”  və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Doğmalarının şəhidimiz haqqında dedikləri:

Anası Mətanət Nəcəfova: Oktyabrın 3-də mənlə danışanda nəvələrim bizə bayraq aldırdılar. Azərbaycanın himnini oxudular, onda da Hadrutu və Suqovuşanı almışdılar. O, mənə zəng elədi dedim ki, Cəmil, biz bayraq almışıq balkondan asmışıq, dedi “Yaxşı eləmisiniz, sadəcə Azərbaycan bayrağının yanında Türkiyənin bayrağını da asın.”  Həmişə mənə deyirdi “Ana, sizin başınızı uca edəcəyəm.”

Atası Nəcəf Nəcəfov: Son dəfə oktyabrın 7-si zəng edəndə dedi ki, mən gedəcəyəm qabağa ola bilsin şəbəkə itsin narahat qalmayın, sonra şəbəkə tapıb sizə zəng edərəm. Sözü olub ki, “Əgər mənim tabeliyimdə olan əsgərlərimdən kimsə şəhid olsa mən onların valideyinlərinə nə cavab verəcəm?”

Müəllimi: Cəmil ağır döyüşlərin birində Vətən eşqi ilə alışıb yanan qəlbini Qarabağ torpağına əmanət etdi. Ruhun ağ göyərçinə dönüb Qarabağ səmalarında əbədi ucalacaq. Mənim Cəmilimin qanı ilə suvarılan  Qarabağ torpağında hər yaz açılan lalələr səndən danışacaq. Sənin ətrinlə bəzəyəcək çölləri. Sənin mübarək adına  ali məqamına həsrətlə boylanırıq. Bu bənövşə ömrünlə yaşlı müəllimlərinə dərs verən, əbədiyyəti qazanan  baş leytenant Nəcəfov Cəmil. Şəhidlərə ölü deməyin onlar əbədidir...

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Qafarov, Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin direktoru Ələkbər Mustafayev, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin  fəal gəncləri şəhidimiz Cəmil Nəcəf oğlu Nəcəfovun doğum günü münasibətilə məzarını və ailəsini ziyarət etdilər.

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər