Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Bayramov Cavid Azər oğlunun doğum günüdür.
Sən sağ olasan, Vətən! Şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Balaca məktəblidən bir dəfə soruşulanda ki, şəhidlik nədir? Tərəddüd etmədən dedi ki, şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. Ürəyi Vətən eşqi ilə döyünən igidlərdən biri də Cavid Bayramovdur. Bu gün onun doğum günüdür!
Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Bayramov Cavid Azər oğlu 29 iyun 1997-ci ildə Bakı şəhərində anadan olmuşdu. Cavid orta təhsilini Bakı şəhəri Nərimanov rayonu E.Əliyev adına 93 nömrəli tam orta məktəbində almış və ali təhsilini 2018-ci ildə Azərbaycan Texniki Universitetinin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə bitirmişdi.
Cavid Vətənini qorumaq üçün 27 sentyabr 2020-ci ildə könüllü olaraq cəbhəyə yollanmış, 8 oktyabr 2020-ci il tarixində Füzuli rayonunda qəhrəmancasına ən uca Zirvə- Şəhidlik zirvəsinə ucalmışdır. Binəqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid gizir Cavid Bayramov “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
93 saylı tam orta məktəbin direktoru Xalidə İbrahimovanın Şəhidimiz haqqında xatirələri: “Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur. Vətənimizin hər bir qarışı igidlərimizin, şəhidlərimizin qanı ilə yoğrulub. Ona görə torpağımız, vətənimiz bizim üçün müqəddəsdir, əzizdir. Belə şəhidlərimizdən biri də 1997-ci il iyun ayının 29-da Bakı şəhərində anadan olmuş məktəbimizin məzunu Bayramov Cavid Azər oğludur. Bayramov Cavid 2014-cü ildə Nərimanov rayonundakı 93 N-li tam orta məktəbi bitirib, Azərbaycan Texniki Universitetinin Nəqliyyat və Logistika fakültəsinə qəbul olmuşdu. 27 Sentyabr 2020-ci ildə başlayan ll Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq cəbhəyə getmişdi. Atası Bayramov Azər də Birinci Qarabağ müharibəsində iştirak etmişdir.
Canından vətənə can verən, qanı ilə vətən torpağını suvaran cəsur Cavidimiz Binəqədi rayonunda şəhidlər xiyabanında dəfn edilib. Şəhidlərimiz başımızın tacıdır. Biz onları unutmayacağıq! Unutmağa haqqımız da yoxdur! Biz onlarla fəxr edirik! Allah şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət olsun. Amin!”
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, İcra Hakimiyyəti Başçısının Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Binəqədi rayon bələdiyyəsinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin direktoru Ələkbər Mustafayev, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin fəal gəncləri şəhidimiz Cavid Azər oğlu Bayramovun doğum günü münasibətilə məzarını və ailəsini ziyarət etdilər.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!