Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Heydərov Rafiq Rahim oğlunun doğum günüdür.
Sən sağ olasan, Vətən! Şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Balaca məktəblidən bir dəfə soruşulanda ki, şəhidlik nədir? Tərəddüd etmədən dedi ki, şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. Ürəyi Vətən eşqi ilə döyünən igidlərdən biri də Rafiq Heydərov idi. Bu gün onun doğum günüdür!
Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Rafiq Rahim oğlu Heydərov 01 iyul 1995-ci ildə Bakı şəhəri Binəqədi rayonununda dünyaya göz açmışdı. Orta təhsilini 157 saylı tam orta məktəbdə almışdı. 2016-cı ildə Memarlıq və İnşaat Universiteti Nəqliyyat-tikinti fakultəsini bitirib, elə həmin il Odlar Yurdu Universitetinin beynəlxalq münasibətlər fakultəsində magistr təhsilinə başlayıb. 2016-2017-ci illərdə Qusar rayonunda “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurmuşdu. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində könüllü iştirak edib. Rafiq Heydərov 14 okytabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına ən uca Zirvə- Şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimiz II Fəxri Xiyabanda dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid Rafiq Heydərov "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!