20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş konfrans keçirildi
Yanvarın 16-da Binəqədi Rayon İcra Hakimiyyətinin və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun (BPKİYİ) birgə təşkilatçılığı ilə institutun akt zalında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş konfrans keçirildi.
Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Konfransda RİH-nin əməkdaşları, institutun professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan BPKİYİ-un tədris işləri üzrə prorektoru Məhəmməd Bayramov çıxış edərək 20 Yanvar tarixinin ölkəmizin tarixində ondan əvvəlki faciələr kimi XX əsrdə xalqımıza qarşı yeridilən düşünülmüş mənfur siyasətin növbəti təzahürü olduğunu, Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrinin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşaiyət olunduğunu bildirdi.
Daha sonra çıxış edən RİH-nin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev vurğuladı ki, yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin Moskvadakı məlum bəyanatından sonra qanlı hadisə dünya ictimaiyyətinin maraq obyektinə çevrildi: “Ulu Öndər özünəməxsus qətiyyəti, əzmkarlığı sayəsində çətin vəziyyətdə olan xalqın səsini dünya ictimaiyyətinə çatdırdı”.
İnstitutun kafedra müdiri, filologiya elmlər doktoru Aydın Paşayev, Bakı Dövlət Universitetinin dossenti Yaqub Vəliyev və başqaları çıxış edərək, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçən oğul və qızlarımızın igidliklərindən nümunələr gətirdilər və bu tarixi faciənin gənclər tərəfindən araşdırılmasını tövsiyə etdilər.