Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Məmmədov Anar Kərəm oğlunun doğum günüdür.

06 iyul 2021 | 11:00

Şəhidlik - insanın Vətənə olan sevgisinin həyat-ölüm astanasında qeyd-şərtsiz şəhadət tapdığı ali məqamdır. Şəhidlər Vətən savaşından məğrurluqla çıxıb, bir anın içində milyonların əzizinə, Vətən oğluna çevrilib ölümü ilə də bu torpağı şərəfləndirənlərdir. Vətən, şəhidlərin mübarək çiyinlərində sabahlayır. Buna görə də onlar and yerimiz, qürur mənbəyimizdir! Ürəyi Vətən eşqi ilə döyünən igidlərdən biri də Anar Məmmədov idi.

Bu gün onun doğum günüdür!

Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Anar Kərəm oğlu Məmmədov 06.07.1984-cü il Bakı şəhəri Binəqədi rayonunda anadan olub. Binəqədi rayonu 115 saylı tam orta məktəbin məzunu olmuş, elə həmin il Tibb Universitetinin ‘Pediatriya’ fakültəsinə daxil olmuşdu. 2006-cı ildə öz istəyi ilə ixtisasını hərbi tibb kafedrasına yönləndirmişdi. 2008-ci ildə Şəmkir rayonunda ‘Leytenant’ rütbəsi ilə ixtisasını davam etdirmişdi. 2009-cu ildən 2013-cü ilədək Füzuli rayonunda “N” saylı hərbi hissədə xidmət etmiş, daha sonra Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissədə, ordan da sülhməramlılarla birgə 6 ay Əfqanıstanda xidmət etmişdi. Oradan döndükdən sonra Ağcabədi, Beyləqan, Qusar rayonlarında yerləşən müxtəlif hərbi hissələrdə xidmət etmiş, 2018-ci ilin dekabr ayında Bakıda tibb xidməti kapitanı rütbəsi ilə xidmətini davam etdirmişdi. Azərbaycan Ordusunun tibb xidməti kapitanı olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbiçiləri döyüş meydanından çıxarıb. Anar Kərəm oğlu Məmmədov 02.11.2020-ci il tarixində Xocavənd istiqamətində gedən döyüşlər zamanı Şəhidlik zirvəsinə ucalmışdır. 2020-cı il noyabr ayının 4-də II Fəxri Xiyabanda dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid kapitan Anar Kərəm oğlu Məmmədov ‘Vətən uğrunda’, ‘İgidliyə görə’, ‘Cəbrayılın azad olunmasına görə’, ‘Füzulinin azad olunmasına görə’, ‘Xocavəndin azad olunmasına görə’ medalları ilə təltif olunmuşdur.                

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Qafarov, Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin direktoru Ələkbər Mustafayev, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin  fəal gəncləri şəhidimiz Anar Kərəm oğlu Məmmədovun doğum günü münasibətilə məzarını ziyarət etdilər.

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər