Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Hüseynov Rövşən Kazım oğlunun doğum günüdür.
44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdılar. Bu gün Vətən torpaqları tam olsun deyə Şəhidlik adlı zirvəni bir göz qırpımında fəth edən igid oğullarımızdan biri Rövşən Hüseynovun doğum günüdür!
Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Rövşən Kazım oğlu Hüseynov 21 avqust 1995-ci ildə Bakı şəhərində dünyaya göz açmışdı. 2001-ci ildə Bakı şəhəri 115 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olsa da, təhsilini Bakı şəhəri 202 saylı tam orta məktəbdə davam etdirmiş və orada da bitirmişdi.
R.Hüseynov Rusiya Federasiyası Stavropol şəhərində yerləşən "Qafqaz Xalqlarının Dostluğu İnstitutu"nun "İqtisadiyyat" fakültəsində təhsil almışdı. 2017-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yollanmış, ön xətdə düşmənlə üz-üzə, "Murovdağ" istiqamətində qulluq etmişdi. Xidməti dövründə göstərdiyi şücaətə görə komandanlıq tərəfindən mükafatlandırılmışdı. 2018-ci ilin oktyabrında həqiqi hərbi xidmətdən tərxis olunmuşdu. 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsinə yollanmış və Füzuli rayonundan başlayan döyüş yolu Xocavənd və Cəbrayıl rayonlarında davam etmişdir. 23 oktyabr 2020-ci ildə Füzuli rayonunun Kürdlər kəndində gedən döyüşlər zamanı aldığı qəlpə yaralarından ən uca Zirvə - Şəhidlik zirvəsinə ucalmışdır. 25 oktyabr 2020-ci ildə Binəqədi qəsəbəsi qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Hüseynov Rövşən Kazım oğlu ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Anası Sona Hüseynovanın xatirələri: “Ailəmizin son beşiyi olan Rövşən torpaqlarımızın düşmən tapdağında olması ilə heç vaxt barışa bilmirdi. Həyatda olanda da mən onunla fəxr etmişəm elə bir oğul böyütmüşəm ki, ölümündən sonra da mən onunla qürur duyuram. Mən elə bir oğulun anasıyam. Oğlum körpəlikdən həmişə başımızı uca edib. Elə uşaq yaşlarından kiçik ürəyində Vətənə, yurda böyük sevgi daşıyıb. Rövşən məktəbdə və universitetdə də daima irəlidə olan uşaq olub. Axır zamanlar səbri demək olar ki, tükənmişdi. Elə hey gözü hərbi komissarlıqdan gələn məktubu axtarırdı sanki. “Görəsən, məni niyə çağırmırlar” deyib gileylənirdi. Müharibəyə gedəndə də sevinə-sevinə gedib. Özü də könüllü getdi. Gedəndə mənə açarını, təsbehini verdi ki, ana saxlayarsan. Bunlarla özümə təsəlli tapıram. Oğlum “Space” televiziyasında mühafizədə işləyirdi və sonra Çevik polisə düzəldi. Onun arzusu DİN-də akademiyada oxumaq idi. Çox savadlı uşaq idi. Həmişə çox sevinə-sevinə zəng edərdi, heç elə bil ki müharibədə deyildi, adi bir xidmətdə idi. Telefonda örtülü danışsa da ancaq deyirdi ki: “Ana qorxma arxayın ol. Mən sağ-salamat gələcəm, torpaqlarımız alınacaq, biz irəliləyirik.” Hər zaman sevinclə danışırdı. 23 oktyabr 2020-ci ildə şəhid olub. 25 oktyabr 2020-ci ildə dəfn olunub. Şəhid olan günü mənə elə bir ağlamaq gəldi ki, həyətdə bəlkə də səsimi qonşular da eşitdi. Ortancıl qardaşı dedi ki, “niyə ağlıyırsan, ana?” Dedim: “Rəşad, heç özüm də bilmirəm niyə ağlayıram.” Sonra Rövşənin komandiri qardaşına dedi ki, həmin vaxtda şəhid olub. Balam cəbhədə böyük ürəyi ilə mərdi-mərdanə vuruşub. Heç vaxt yoldaşlarını tək qoymayıb. Son nəfəsinə kimi onlarla çiyin-çiyinə savaşıb. Şəhidlər ölməyib, onlar daima ürəklərdə, yaddaşlarda yaşayacaqlar.”
Qardaşı Rafael Hüseynov: “Mən qardaşımla qürur duyuram. Mənim qardaşım vətən, millət və torpaq uğrunda şəhid oldu. O, qorxunun nə olduğunu bilməyən əsl qəhrəman idi. Rövşənlə danışanda əlaqə saxlayanda danışıqlarından onun qürur hissini və sevincini eşidirdim. O, əmin və arxayın idi ki, bizim torpaqlar tam şəkildə azad olunacaq. Sevinc payımız o oldu ki, torpaqlarımızın azad olunmasında qardaşım Rövşənin də payı var. Çox şükür olsun ki, onun qanı yerdə qalmadı, arzusu həyata keçdi. O həmişə dostları, sinif yoldaşları ilə Vətənlə bağlı söhbətlər edirdi. Könüllü olaraq cəbhəyə gedəndə bizə məlumat verdi: “Mən vətən torpaqlarının alınması ilə bağlı hökmən getməliyəm. Ailədən halallığını alıb vuruşmağa getdi.“ Rövşən çox təmkinli, tərbiyəli, böyük-kiçik yeri bilən idi. Vətənpərvərlik hissi onda çox güclü idi.Qisas almaq üçün cəbhəyə getdi,cəbhədə də qisasını aldı. Sentyabr ayının 30-dan ön xətdə idi. 23 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Kürdlər kəndində döyüş əməliyyatı zamanı mənfur düşmənlərimiz tərəfindən atılan mərmi Rövşənin şəhid olmasına səbəb olmuşdur. Bizə oktyabrın 24-ü xəbər veriblər ki, belə bir hadisə baş verib. Düzdür, ilk anda bu bizim üçün kədərli olsa da, sonradan qardaşımıza Şəhid adının verilməsi və şəhidlik zirvəsinə yüksəlməsi, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunması bizim üçün qürürvericidir. O, həmişə bizə deyirdi ki, “mənim yolum qazilik və şəhidlik yoludur, məndən narahat olmayın”. Ən böyük arzusu torpaqlarımızın düşməndən geri alınması idi. Çox şükür qardaşım kimi hamımız bu istəyə çatdıq, millət olaraq qələbə sevincini yaşadıq.”
Binəqədi Ryaon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, RİH başçısının müavini Vüsar İsmayılov, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Qafarov, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin direktoru Ələkbər Mustafayev, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin fəal gəncləri və digər əməkdaşlar şəhidimiz Rövşən Kazım oğlu Hüseynovun doğum günü münasibəti ilə məzarını, Binəqədi qəsəbəsində olan şəhidlər abidəsini ziyarət etdilər. Eyni zamanda, Şəhid Hüseynov Rövşən Kazım oğlunun adının əbədiləsdirilməsi məqsədilə yaşadığı ünvanda onun adını daşıyan bulaq kompleksinin açılışında iştirak etdilər.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!